Atasının qətlində təqsirləndirilərək cəzadan azad edilən şəxs yenidən hakim
qarşısında
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İmişli rayonunda atasını qətlə yetirməkdə təqsirləndirilən rayon sakini Cavid
Bədirxanovun barəsindəki hökmdən prokuror tərəfindən apellyasiya protesti
verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Şirvan Apellyasiya Məhkəməsində
keçiriləcək proses dekabrın 5-nə təyin edilib.
Şikayət hakim İlkin Abdullayevin sədrliyi ilə araşdırılacaq.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü il C.Bədirxanovun hadisəni
törədərkən anlaqsız vəziyyətdə olduğu müəyyən edilib, o, cinayət
məsuliyyətindən və cəzadan azad edilib.
Təqsirləndirilən şəxsin barəsində ixtisaslaşdırılmış psixiatriya
stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 saylı Respublika
Psixiatriya Xəstəxanasına tapşırılıb.
Qeyd edək ki, hadisə İmişli rayonunun Hacırüstəmli kəndində qeydə alınıb.
1992-ci il təvəllüdlü C.Bədirxanov münaqişə zəminində atası, 1960-cı il
təvəllüdlü Məmməd Bədirxanovu kürək nahiyəsindən bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilsə də, bir müddətdən sonra orada ölüb.
C.Bədirxanov şübhəli şəxs qismində tutulub.
Faktla bağlı cinayət işi başlanılıb.