c5ed6402-88a7-41d8-ae97-4c7eae008faa..jpg

ATF prezidenti: “Azərbaycan çempionatını hər il Mingəçevirdə keçirməyi planlaşdırırıq”

Baxış sayı: 579 dəfə baxılıb.

ATF prezidenti: “Azərbaycan çempionatını hər il Mingəçevirdə keçirməyi
planlaşdırırıq”

“Azərbaycan çempionatını hər il Mingəçevirdə keçirməyi planlaşdırırıq”.

“Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu
Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Fərid Fərhadzadə
jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda bu məsələ müzakirə olunur:

“İştirakçılar da öz fikirlərini bildirəcəklər. İdmançıları dinləyəcəyik ki,
hansısa nöqsan varsa, aradan qaldıraq. Əminəm ki, gələn il ölkə çempionatı daha
yüksək səviyyədə keçiriləcək və bundan da çox idmançı iştirak edəcək”.

Qurum rəhbəri hazırda davam edən ölkə çempionatı ilə bağlı da məlumat verib.
Onun sözlərinə görə, əsas məqsəd triatlonu Azərbaycanda tanıtmaqdır:

“Çox sevindirici haldır ki, Azərbaycanın gənclər paytaxtı Mingəçevirdə ölkə
çempionatı keçirilir. Triatlon üzmək, velosiped sürmək və qaçmaqdan ibarətdir.
Buna baxmayaraq, bugünkü yarışda 100 iştirakçı var. Onun 41 nəfəri
yeniyetmədir. Federasiya olaraq qarşımıza qoyulan hədəflərdən biri triatlonu
ölkədə tanıtmaq, idmançıların sayını artırmaqdır. Ən vacibi yerli idmançıları
yetişdirməkdir”.

Federasiya prezidenti bölgələrdə triatlonun inkişafı üçün əllərindən gələni
etdiklərini vurğulayıb:

“Mən federasiya prezidenti vəzifəsinə gələndə idmançılarımızın sayı çox az
idi. Qarşımıza qoyulan hədəflərə uyğun olaraq regionlardan uşaqlar cəlb edirik.
Bir ay ərzində Sumqayıtdan 4 idmançı cəlb olundu. Cənab Prezident İlham Əliyev
tərəfindən regionlardakı Olimpiya İdman Komplekslərində yüksək səviyyədə şərait
yaradılıb. Məşqçilərlə birlikdə komplekslərdə düzgün sistem qurmaq istəyirik
ki, uşaqların bu idman növünə marağı olsun”.

Fərid Fərhadzadə əlavə edib ki, Azərbaycan triatlonçusu Rastislav Pevtsova
böyük ümidlər var:

“Hazırda bir legionerimiz var, Rastislav Pevtsov. Onun Paris-2024 Yay Olimpiya
Oyunlarına vəsiqə qazanacağına inanırıq”.

Source link