AVRO-2020-nin kuboku Bakıya gətirilir: Məşhurlar da gəlir

AVRO-2020-nin kuboku Bakıya gətirilir: Məşhurlar da gəlir

Baxış sayı: 1. 846 dəfə baxılıb.

 

Azərbaycana tanınmış futbol veteranları gələcək.

7-8 may tarixlərində Bakıda AVRO-2020-nin (futbol üzrə Avropa çempionatı) kuboku nümayiş etdiriləcək.

1992-ci ilin danimarkalı Avropa çempionları – Peta Smaykl, Brian Laudrop, Fleminq Poulsen, 2008-ci ilin almaniyalı finalçısı Filipp Lam və Avropa çempionatının niderlandlı yarımfinalçısı Vesli Sneyder ulduz səfir kimi turda iştirak edəcəklərini artıq təsdiqləyiblər.

Həmçinin, AVRO-2020-nin maskotu olan “Skillzy” özünün fristayl bacarıqlarını nümayiş etdirəcək.

Qeyd edək ki, kubok meydan sahibi şəhərlərdən artıq üçündə olub. Roma, Buxarest və Budapeşti “gəzmiş” kubok dördüncü şəhər kimi Bakıda nümayiş etdiriləcək.

Pandemiya səbəbindən kuboku azarkeşlər yalnız “Volkswagen” ID.3 avtomobilində görmək imkanı əldə edəcək. Kubok həmin avtomobilin damındakı şüşə vitrində nümayiş olunacaq. Bu zaman azarkeşlər onunla foto və video çəkmək imkanı qazanacaq.

Xatırladaq ki, AVRO-2020 11 şəhərin ev sahibliyi ilə keçiriləcək. Pandemiya səbəbindən ötən il baş tutmayan mötəbər yarış bu ilin 11 iyun – 11 iyul tarixlərində təşkil olunacaq. Bakı Olimpiya Stadionu A qrupunun üç və 1/4 finalın bir matçına ev sahibliyi edəcək.