Avro-2020-yə könüllü qeydiyyatında Bakı 12 şəhər arasında birincidir

Baxış sayı: 2. 077 dəfə baxılıb.

Avro-2020-yə könüllü qeydiyyatında Bakı 12 şəhər arasında birincidir

Avro-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək üç qrup oyunu, eləcə də, 1/4 final mərhələsi qarşılaşması ilə əlaqədar yaradılmış Əməliyyat Qrupu tədbirə hazırlıq məqsədilə oktyabrın 15-dən noyabrın 15-dək Bakının 18 ali təhsil ocağında tələbələr, tələbə gənclər təşkilatları və müəllim heyəti üçün Könüllülər Proqramının təqdimatını keçirib.

ÇıxışYolu.Com xəbər verir ki, Könüllülər Proqramına qeydiyyat prosesi üçün son müraciət tarixi noyabrın 30-udur.

Bugünədək altı mindən çox könüllü qeydiyyata alınıb ki, bu göstərici ilə Avropa çempionatına ev sahibliyi edəcək 12 şəhər arasında Bakı birincidir.

Proqramın müsahibə mərhələsinə isə sentyabrın 30-dan start verilib. Bakı Olimpiya Stadionunun İnformasiya Mərkəzində dekabrın 28-dək davam edəcək müsahibə mərhələsində bugünədək dörd mindən çox namizəd iştirak edib.

Qeydiyyat üçün müraciət edən könüllülər arasında 15-dən artıq ölkəni əhatə edən 600-ə yaxın beynəlxalq namizəd var. Onlar, əsasən, Ukrayna, Rusiya və Asiya ölkələrindəndir. Hazırda həmin könüllülərlə də onlayn müsahibələr təşkil olunur və yekunda 300 beynəlxalq könüllünün seçilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Könüllülər Proqramı nəinki tələbələr, həmçinin, qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıqdır.