AVRO-2024-ün seçmə mərhələsində absurd vəziyyət: İrlandiya vəsiqə qazanması
üçün uduzmalıdır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
AVRO-2024-ün seçmə mərhələsində qəribə vəziyyət yaranıb.
Cixisyolu.com xəbər verir ki, İrlandiya millisi qitə birinciliyində çıxış etmək
şanslarını qorumaq üçün növbəti qrup matçında Niderlanda uduzmalıdır. Belə
absurd situasiyanın yaranmasına səbəb UEFA-nın tətbiq etdiyi qaydalardır.
Seçmə mərhələnin B qrupunda Fransa 18 xalla liderdir və artıq vəsiqəni təmin
edib. Yunanıstanla Niderland 12 xalla 2-3-cü yerləri tuturlar. Altı xalla
dördüncü olan İrlandiya ilk iki pillədə qərarlaşmaq, dolayısı ilə Avropa
çempionatına seçmə mərhələdən vəsiqə qazanmaq şansını itirib. Lakin komandanın
hələ də belə imkanı var.
Avropa çempionatında iştirak hüququ iki yolla əldə edilir. Bunlardan biri
seçmə mərhələdirsə, digəri Millətlər Liqasında pley-off qalibi olmaqdır.
İrlandiyanın gələn ilin martında təşkil olunacaq pley-off mərhələsinə vəsiqə
qazanması üçün UEFA-nın Millətlər Liqası üzrə reytinq cədvəlində özündən yuxarı
pillədə olan, amma Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə
qazanmayan kollektivlərin sayının yeddidən artıq olmaması lazımdır. Niderland A
Liqasında qrup qalibi olaraq pley-offa vəsiqə əldə edib və hazırda həmin
iddiaçıların sırasındadır.
Ümumilikdə, sistem çox qarışıqdır. Lakin yaxın gələcək üçün ən dəqiq olan
İrlandiyaya Niderlandın seçmə mərhələdən vəsiqə əldə etməsinin lazım olduğudur.
Qrupdan Yunanıstanın çıxması onlara sərf etmir, lakin Niderlandın yüksəlməsi
komandaya pley-offda oynamaq şansı yaradır. Bu isə o deməkdir ki, noyabrın
18-də Niderlandda keçiriləcək görüşə İrlandiya qələbə üçün yox, məğlub olmağa
çıxacaq.
UEFA-nın kvalifikasiya ilə bağlı buraxdığı bu boşluq ciddi müzakirələrə səbəb
olub. Mövcud sistemin idman prinsiplərinə xələl gətirdiyi bildirilir. Qitə
futbol qurumunun məsələ ilə bağlı açıqlama verəcəyi gözlənilir. Hətta
Yunanıstanla İrlandiyanın əlavə pley-off qarşılaşması keçirəcəyi də variantlar
arasındadır. İstənilən halda, UEFA-nın formatla bağlı belə bir detalı nəzərdən
qaçırması birmənalı qarşılanmır və gələcəkdə dəyişikliyi labüdləşdirir.
Faiq Tahirov