Avropa İttifaqı “Facebook”dan sosial şəbəkə istifadəçilərinin şəxsi məlumatlarının sızması məsələsini hərtərəfli araşdırmaq niyyətindədir.
ÇıxışYolu.Com “Euronews”a istinadən xəbər verir ki, Avropa Komissiyasının hesablamalarına görə, 2,7 milyon Avropa İttifaqı vətəndaşı bu qalmaqaldan zərər çəkib.
Avropa İttifaqının rəsmi nümayəndəsi Kristian Viqland bildirib ki, gələcəkdə vətəndaşların təhlükəsizliyini təmin etmək üçün blok bütün lazımi addımları atacaq.
“Bu ittihamlarla əlaqədar “Facebook” rəhbərliyi ilə əlavə müzakirələr aparılmalıdır. Qeyd edim ki, araşdırma Avropa İttifaqında şəxsi məlumatların qorunması üzrə qaydalarda gözlənilən dəyişikliklər və ümumiyyətlə demokratik prosesin problemləri kontekstində aparılacaq. Artıq gələn həftə Avropanın ədliyyə komissarı bu məsələni telefonla “Facebook”un icraçı direktoru ilə müzakirə edəcək ” deyə rəsmi nümayəndə bildirib.
Bundan əvvəl, Avropa İttifaqı “Facebook” rəhbərliyinin məlumatların sızması hallının bir daha təkrarlanmaması üçün apardığı islahatlarla bağlı razılıq ifadə edib .
Qeyd edək ki, bir neçə gün əvvəl “Facebook” təsisçisi Mark Zukerberq qalmaqalla əlaqədar ifadə verməsi üçün Avropa Parlamentinə dəvət olunub.