f85a6cdf-7b68-4b5b-887c-455745f73770..jpg

Avropa İttifaqının erməni tərkibli missiyası: Xocalı qatillərinin yeni himayədarı – ŞƏRH + FOTO

Baxış sayı: 1. 167 dəfə baxılıb.

Avropa İttifaqının erməni tərkibli missiyası: Xocalı qatillərinin yeni
himayədarı – ŞƏRH + FOTO

Azərbaycan əhalisi ermənilərlə müqayisədə həmişə ayrı-seçkiliyə məruz qalıb.
1918-ci ildə mart soyqırımı zamanı ovaxtkı ABŞ səfirliyinin göstərişi əsasında
Güney Azərbaycanda türklərin silahları kütləvi şəkildə müsadirə olunub. 1988-ci
il hadisələrindən sonra Azərbaycanda Moskvanın göstərişi əsasında
azərbaycanlılara məxsus ov tüfəngləri belə müsadirə edilib.

Ancaq bunun qarşılığında ermənilərə silah verilib, yaxud onları İranda həmin
illərdə Fransa ordusunun əsgərləri, sovet hərbçiləri müdafiə ediblər. Heç
şübhəsiz, həmin ordularda ermənilərin də qulluq etdikləri istisna olunmur.

Moskvanın yaratdığı ermənipərəst Arkadi Volskinin Qarabağ Xüsusi Komitəsində
çox sayda erməni əməkdaş fəaliyyət göstərib. Xocalı soyqırımını törədən
Rusiyanın 366-cı motoatıcı alayının tərkibində də erməni hərbçilər qulluq
ediblər. Alay və erməni qanunsuz silahlı dəstələri 1992-ci il fevralın 25-dən
26-na keçən gecə ermənilər bu şəhəri ələ keçiriblər. Odur ki, 613 dinc sakinin
qətlində, 1 275 azərbaycanlının girov götürülməsində tərkibində ermənilər olan
alayın da əli var. 366-cı alayın Qarabağı 1992-ci il martın 10-da tərk etdiyi
bildirildi. Ancaq onlar erməni separatçılara ümumilikdə 96 ədəd zirehli texnika
vermişdilər: doqquz ədəd “T-72” tankı, beş ədəd “BTR-70” döyüş maşını, 49 ədəd
“BMP-1” piyada döyüş maşını, 28 ədəd “BMP-2” piyada döyüş maşını, beş ədəd
“BRM-1k” döyüş texnikası. Alayın tərkibində xidmət edən 22 zabit daxil olmaqla
180 əsgər erməni separatçıların tərəfində döyüşmək üçün Qarabağda qaldı.
Onların arasında Ermənistanın gələcək müdafiə naziri Seyran Ohanyan da var idi.
Yəni Rusiyanın SSRİ-dənqalma bu hərbi alayı ermənilər üçün hərbi dəstələr
yaratdı.

Azərbaycan keçmiş münaqişə ilə bağlı yaradılan bütün beynəlxalq qurumlardan,
vasitəçilərdən ərazi bütövlüyü və suverenliyinin təmin olunması baxımından
ziyan görüb.

Başqa bir örnək. Artıq 2022-ci ilin dekabrında Avropa Parlamentində aşkarlanan
korrupsiya maxinasiyaları ilə bağlı həbslər keçirilmişdi. Parlamentinin sədr
müavini, yunanıstanlı Eva Kayli və daha dörd nəfər Brüssel polisi tərəfindən
saxlanılmışdılar. Bu dörd nəfər və daha 15 deputat ermənilərə çirkli pullarla
rüşvət almaq qarşılığında lobbiçilik edirmişlər. Yeri gəlmişkən, Natali
Luazonun koordinatorluğu ilə Avropa Parlamentinin 30-a yaxın deputatı
“Qarabağdakı vəziyyət”lə bağlı müzakirələr keçirmək təşəbbüsünü irəli sürübmüş.
Onlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Aİ xarici siyasət və
təhlükəsizlik məsələləri üzrə komissiyanın sədri Jozep Borrelə müraciət
ünvanlayıblarmış. Sənədi parlamentdəki “Ermənistanla dostluq qrupu”nun üzvləri
imzalayıbmışlar. Sədr müavini Eva Kayli bu qrupun üzvü olub. Bu qrup uzun
müddət çirkli pulların yuyulmasında adı keçən erməniəsilli milyarderlər
tərəfindən maliyyələşdirilib. Deməli, Avropa Parlamentində Azərbaycan və
Türkiyəyə qarşı korrupsiya ilə məşğul olan qrup fəaliyyət göstərib. Onları
çirkli pullarla maliyyələşdirənlərdən biri də Azərbaycanın Qarabağ bölgəsinin
qızıl mədənlərini talamış Vartan Sirmakes imiş. O, deputatların “dost”larından
olub. Sirmakes İsveçrədə saat şirkəti olan “Franck Muller Group”un baş
direktorudur.

Odur ki, Avropa İttifaqının yaratdığı qurumların obyektivliyi şübhəlidir. Ötən
ilin sonunda Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədyanı bölgəsində mülki
monitorinq missiyası yaradıb. Rəsmi Bakı missiyanın bir çox səbəblərdən
obyektiv fəaliyyət göstərəcəyinə şübhə ilə yanaşdığını əvvəlcədən bildirmişdi.
Məsələn, onun say tərkibinin artırılması, təchiz olunduğu texnika,
müşahidəçilərin ixtisasları və s. şübhə yaradan faktlardan idi. Ancaq Fransanın
təşəbbüsü ilə bu qurum yaradıldı və fəaliyyət göstərir.

Monitorinq missiyasının tərkibində İsveç parlamentinin deputatı erməniəsilli
Arin Karapet də var. Aİ-nin Ermənistandakı bu missiyası öz tərkibinə birliyə
üzv olmayan üç dövlətin nümayəndələrini daxil edə bilər. Bu isə ittifaqın
missiyasının tərkibinin ermənipərəstlərdən ibarət olacağı ehtimalını artırır. O
halda Azərbaycanla sərhədyanı bölgəyə Ermənistanın beynəlxalq missiya adı
altında əlavə qüvvələr yerləşdirdiyi qənaətinə gəlmək olar. Avropa İttifaqının
qurumlarından birində baş vermiş korrupsiya qalmaqalı missiyanın da obyektiv
fəaliyyət göstərəcəyinə şübhələri artırır. Deməli, tərkibində erməniəsillilərin
olması, Avroparlamentdə korrupsiya qalmaqalı kimi məlum faktlar missiyanın əldə
etdiyi nəticələrin də indidən etibarsız sayılmasına əsas verir. Odur ki, bu
mülki müşahidə missiyasını ölü doğulan döl saymaq olar. Belə bir qurumun şərti
sərhəddə yerləşdirilməsi Azərbaycanın təhlükəsizliyinin təhdid edilməsidir.
Bundan başqa, onların da 366-cı alayın addımlarını təkrarlamayacaqlarına
təminat yoxdur.

“Report” İnformasiya Agentliyi

Source link