Avropa Komissiyası: Qarabağdan mal idxal etmirik

Avropa Komissiyası: Qarabağdan mal idxal etmirik

Baxış sayı: 2. 527 dəfə baxılıb.

Dağlıq Qarabağ ərazisindən heç bir mal və xidmət idxal etmirik.

ÇıxışYolu.Com məlumat verir ki, bunu bu gün Bakıda keçirilən Avropa İttifaqı (Aİ) – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar, mövcud vəziyyət mövzusunda çıxış edən Xarici İşlər Nazirliyinin nümayəndəsi səfir Kamil Xasıyev bildirib. 

K. Xasıyev deyib ki, Azərbaycan nəinki ikitərəfli, üçtərəfli əməkdaşlıq formatlarını da ərsəyə gətirməyə nail olub.

O qeyd edib ki, bu gün Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatına baxsaq, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu ərsəyə gətirilib. 

Onun sözlərinə görə, hazırda TANAP layihəsi həyata keçirilir:

“Azərbaycan-Rusiya-İran üçtərəfli əməkdaşlıq formatı Şimal-Cənub nəqliyyat dəhlizinin formalaşmasında rol oynayır. Biz regiondakı layihələrin ən fəal iştirakçılarından biriyik. Mən Azərbaycanın Xorvatiyadakı səfiri olmuşam.

Avropa İttifaqı ölkələrinin Azərbaycanın iştirakçısı olan layihələrə qoşulmaq imkanları var. Bunlardan biri TAP layihəsidir. Yunanıstan, İtaliya, Albaniya bu layihənin iştirakçıları sırasındadır. Biz regional əməkdaşlıq dedikdə, digər regionlarla əməkdaşlığı nəzərdə tutan təşəbbüslərdən danışırıq”. 

K. Xasıyev qeyd edib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi ilə bağlıdır:

“Bu, enerji mənbələrinin şaxələndirilməsini nəzərdə tutur və enerji sahəsində əməkdaşlığın təzahürüdür. Hər bir tərəf əməkdaşlıqdan bəhrə götürməlidir, yalnız bu təqdirdə uğura imza ata bilərik.

Bugünkü uğurlar düzgün yolda olduğumuzu göstərir. İstehsal, tranzit və istehlakçı ölkələrin maraqları Cənub Qaz Dəhlizi layihəsində əksini tapıb”. 

Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş İdarənin rəhbəri Vassilis Maraqos deyib ki, Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında yer alıb: 

O bildirib ki, bu, regional əməkdaşlığın bir formasıdır:

“Avropa İttifaqı Cənub Qaz Dəhlizini dəstəkləyir. Ukrayna, Moldova və Gürcüstanla Assosiasiya sazişi çərçivəsində ticarət əlaqələrimiz genişlənir. Ümid edirik ki, Azərbaycanla yeni saziş ticarət əlaqələrinin artmasında öz rolunu oynayacaq.

Digər tərəfdən, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi vasitəsilə müxtəlif proqramlar üzrə Azərbaycana yardım edilir. İlin sonunda nəqliyyat sahəsində investisiya proqramlarının həyata keçiriləcəyini gözləyirik.

Gənclərin akademik səviyyədə mübadiləsi ilə bağlı Şərq Tərəfdaşlığı ölkələri üçün 200 milyon avro ayrılıb. Bu sahədə Azərbaycanla əməkdaşlıq ediləcək. Bu mübadilə proqramı 2020-ci ilə qədər davam edəcək”. 

V. Maraqos Aİ-nin Dağlıq Qarabağ ərazisindən heç bir mal və xidmət idxal etmədiyini vurğulayıb: 

“Söhbət burada mənşə ölkələrlə bağlı sui-istifadə hallarından gedir. Avropa Komissiyası bununla bağlı ölkələrə müvafiq bildirişlər göndərib.

Bu baxımdan, düşünmürəm ki, bu məsələ ilə bağlı ikili standatlardan çıxış edirik. Avropa İttifaqı Dağlıq Qarabağ ərazisindən heç bir mal və xidmət idxal etmir”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com