Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində 42 oyun keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, bu oyunlardan Bakıda və Tbilisidə keçiriləcək görüşlər Azərbaycan üçün əhəmiyyət kəsb edən matçlardır.
Belə ki, “Bakcell Arena”da “Neftçi” Rusiyanın “Arsenal” klubunu qəbul edəcək. Tula şəhərində keçirilmiş ilk matç Bakı klubunun 1:0 hesablı qələbəsi ilə başa çatdığından, mərhələni keçməyə “Neftçi” daha yaxın görünür. Ancaq rəqibin Rusiya Premyer Liqasının klubu olduğunu nəzərə alsaq, paytaxt təmsilçisinin işinin heç də asan olmayacağı qənaətinə gəlmək olar.
Bu matçı Maltadan olan hakim Alan Mario Sant idarə edəcək. Komandamız III təsnifat mərhələsinə vəsiqə qazanacağı halda, vaxtilə Zaqatalanın “Simurq” klubu ilə qarşılaşmış İsrail “Bney Yehuda”sı ilə görüşəcək.
Eyni vaxtda Tbilisidə “Dinamo” “Qəbələ”ni qəbul edəcək. “Qəbələ” öz meydanında 0:2 hesabı ilə uduzduğundan, komandamızın şansları yüksək qiymətləndirilmir. Təxminən 55 min tamaşaçı tutumuna malik Boris Payçadze adına “Dinamo Arena”da baş tutacaq görüşdə “Qəbələ”dən gözlənilən ən azı heç-heçə edib UEFA reytinqinə xallar yazdırmasıdır.
Bu matçı Finlandiyadan olan Petri Vilyanen idarə edəcək. Qalib komanda növbəti mərhələdə Niderlandın “Feyenoord” klubu ilə görüşəcək.
Qeyd edək ki, hər iki matç saat 21:00-da başlayacaq.
Səbuhi Musayev