Avropa Olimpiya Təsnifat turniri: Hacı Əliyev 1/4 finala yüksəlib – YENİLƏNİB
+ VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya
Təsnifat turnirinə uğurlu start götürüb.
“Report” xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya və
dördqat Avropa çempionu təsnifat mərhələsində Fransanı təmsil edən Xamzat
Arsamerzoyevi üstələyib.
Rəqibinə 5:2 hesabı ilə qalib gələn 32 yaşlı idmançı 1/4 finala yüksəlib.
Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala adlayıb.
11:12
Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə bu gün yekun
vurulacaq.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, son gündə sərbəst güləşçilər mübarizə aparacaqlar.
Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində italiyalı Simone Piroddu ilə
güləşəcək. Hacı Əliyev (65 kq) eyni raundda Fransanı təmsil edən Xamzat
Arsamerzoyevi sınağa çəkəcək.
Turan Bayramov (74 kq) 1/8 finalda isveçrəli Tobias Portmannla qarşılaşacaq.
Osman Nurmaqomedov (86 kq) ilk mərhələdə litvalı Domantas Pavluçenkoya qalib
gəlməyə çalışacaq.
Mübarizəyə 1/4 finaldan qoşulacaq Georgi Meşvildişvili (125 kq) isə Abraham
Konyedo (İtaliya) – Paris Karepi (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, ilk iki gündə 4 yunan-Roma və 5 qadın güləşçimiz uğursuz çıxış
edib.