Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarına bu gün start verilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu gün dörd idmançımız mübarizəyə qoşulub.
Əvvəlcə kamandan oxatmada Ozay Qasımova qüvvəsini sınayıb. O, 1/32 finala vəsiqə uğrunda reytinq qarşılaşmasında 48 oxatanın qatıldığı mübarizədə 586 xalla 43-cü olub. Qasımova iyunun 25-də 1/16 finala vəsiqə uğrunda almaniyalı Elena Rixterlə qarşılaşacaq.
Boksda isə üç idmançımız mübarizəyə start verib. Rinqə ilk çıxan idmançımız Tayfur Əliyev (-56 kq) 1/16 finalda Bolqarıstan təmsilçisi Boyan Asenovu 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. O, 1/8 finalda Ukrayna təmsilçisi Nikolay Butsenko ilə qarşılaşacaq. Görüş iyunun 24-də keçiriləcək.
Daha sonra Məhəmməd Abdullayev (+91 kq) Petar Belberova (Bolqarıstan) 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.
Ən sonda Rahil Məmmədli (-91 kq) Radoslav Panteleyevə (Bolqarıstan) 0:5 hesabı ilə uduzaraq mübarizəni başa vurub.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:00-da Minskin “Dinamo Arena”sında II Avropa Oyunlarının təntənəli açılış mərasimi təşkil olunacaq.
Səbuhi MUSAYEV