Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının açılış mərasimi vaxtı fırtına olacağı gözlənilir.
ÇıxışYolu.Com xəbər verir ki, şəhərdə yüksək temperaturu bu gündən etibarən şimşək çaxması və güclü yağış əvəzləyib.
Təşkilatçılar isə sabah “Dinamo Arena”da keçiriləcək açılış mərasimi vaxtı pis havanın yan keçəcəyinə ümid edir. “Minsk-2019”un icraçı direktoru Saymon Kleq bu barədə danışıb:
“Hava bizim nəzarətimizdən kənardır. Sabah üçün günortadan sonra yağışın olacağı gözlənilir. Avropa Oyunlarının Minsk Təşkilat Komitəsi (MEGOC) bu problemin həlli üçün mümkün tədbirlər görməyə çalışır”.
Azarkeşlərə mümkün fırtına barədə xəbərdarlıq edilsə də, onlara çətirlə stadiona daxil olmağa icazə verilməyəcək.
Yeri gəlmişkən, meydan sahiblərinin bayraqdarı altı dəfə Olimpiya Oyunlarının iştirakçısı olmuş stolüstü tennis üzrə idmançı Vladimir Samsonov olacaq. Bakıda keçirilmiş I Avropa Oyunlarında qızıl medal qazanmış güləşçi Vasilisa Marzalyuk isə bütün idmançılar adından andiçmədə iştirak edəcək.
Qeyd edək ki, sabah Avropa Oyunlarının açılış mərasimi Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 82 idmançı ilə qatılacaq milli komandamızın bayraqdarı cüdoçu Rüstəm Orucov olacaq.
Səbuhi MUSAYEV