Avropa Parlamenti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Avropa parlamentinin seçkilərdə iştirak etməyəcəyi ilə əlaqədar, qurum nə prosesi, nə də onun nəticələrini şərh etməyəcək:
“Avropa Parlamentinin heç bir üzvünə seçkiləri müşahidə etmək və seçki prosesini şərh etməklə bağlı mandat verilməyib. Bu səbəbdən Avropa Parlamentinin hər hansı üzvü seçkiləri müşahidə edərsə, bunu öz təşəbbüsü ilə etmiş olacaq və bu halda o, AP-nin adından danışmamalı və ya fəaliyyət göstərməməlidir”.
Haqqın.Az saytının əldə etdiyi məlumata əsasən isə, Azərbaycan hökuməti Avropa Parlamentinə qarşıdan gələn prezident seçkilərinə müşahidəçilərin göndərilməsi ilə bağlı müraciət etməyib.
Xatırladaq ki, Azərbaycanda keçiriləcək prezident seçkilərinə müşahidəçilər qismində ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar iştirak edəcəklər.