Avropa Parlamenti Pxenyanı qalmaqallı nüvə proqramından daşındırmaq üçün KXDR ilə məxfi danışıqlar aparıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Məlumata görə təşəbbüs qrupuna Britaniyanın mühafizəçilər partiyasından olan deputat Nirj Deva başçılıq edib.
O, bildirib ki, son üç il ərzində Brüsseldə Cənubi və Şimali Koreyadan olan hökumət nümayəndələri arasında ümumilikdə 15 görüş keçirilib. Habelə bu görüşlər dünya mediasından gizli saxlanılıb.
“Xatırladım ki, söhbət dünyanın ən uzunmüddətli – 64 il davam edən barışıq prosesindən gedir. Bu illər ərzində Şimali Koreya dəfələrlə Cənubi Koreya ilə sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış edib. Ancaq onları heç kimi dinləməyib və heç kim danışıqlar masasına əyləşmək istəməyib.” deyə Deva bildirib.
Onun sözlərinə görə, son üç il ərzində Avropa nümayəndə heyəti Koreya yarımadasında gərginliyin azaldılması üçün hər hansı ilkin şərt olmadan dialoqun aparılmasını dəstəkləyib.
“Mən şəxsən vasitəçilik səylərini davam etdirmək niyyətindəyəm, yaxın zamanda KXDR-a səfər etməyi planlaşdırıram” deyə deputat bildirib.