af056d2d-c970-49fe-b246-acbca3b301f3..jpg

Avropanın ksenofobiyası: Qitədə yeni faşizm dalğası yayılır – ŞƏRH + FOTO

Baxış sayı: 687 dəfə baxılıb.

Avropanın ksenofobiyası: Qitədə yeni faşizm dalğası yayılır – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniya dünyanın aparıcı dövlətlərindən sayılır. Bu ölkə bir çox elmi,
mədəni, mütərəqqi hadisələrin mərkəzi olsa da, müasir dünyanın ən eybəcər
ideologiyasının, faşizmin çiçəklənib, yayıldığı, dünyanı zəhərlədiyi yerdir.

Dünyanın bir çox bölgələrində baş verən dəyişikliklər insanların öz
yurd-yuvalarını tərk etməsi ilə nəticələnir. Miqrantların üz tutub getdiyi,
güvəndiyi ölkələrdən biri də Almaniyadır. Ancaq orada antisemitizm, irqçilik və
ksenofobiyanın güclənməsi müşahidə olunur.

Almaniya kansleri Olaf Şolts da ötən ayın sonunda Holokostu Beynəlxalq Anma
Günü də bunu etiraf edib. O, ölkə əhalisini irqçilik və antisemitzmə qarşı
mübarizəyə çağırıb.

Belə qüvvələrə ifrat sağçı, populist Almaniya üçün Alternativ Partiya (AfD)
liderlik edir. 2021-ci ilin məlumatına görə, dövlət büdcəsindən maliyyələşən
təşkilatın 32 min üzvü var və 736 yerlik ölkə parlamentində (Bundestaq) 81
deputatla təmsil olunur. Federal torpaqların parlamentlərində 1 884 yerdən
228-ə malikdir. Avropa Parlamentinə isə 9 deputat göndərə bilib. Rusiyanın
Vahid Rusiya Partiyası ilə müttəfiqdir.

Yeri gəlmişkən, bu yaxınlarda, Almaniya üçün Alternativ Partiya ilə eyni
platformada olan neonasist Almaniya Milli-Demokratik Partiyasının varisi, ifrat
sağçı Vətən Partiyasının (“Die Heimat”) dövlət büdcəsindən maliyyələşməsi 6 il
dayandırılıb.

Rəy sorğularına görə, AfD-nin reytinqi 20 faizdir. 2024-cü ilin sonunda Şərqi
Almaniyada regional seçkilər keçiriləcək. Həmin ərazidə partiyanın reytinqi 30
faizdən çoxdur.

Almaniya kilsəsi ölkədə Üçüncü Yol, “Heimat” və AfD kimi ifrat sağçı,
antisemit və antidemokratik qrupların artması ilə bağlı getdikcə güclənən
narahatlıqlara qoşulub. Bu ilin iyun ayının 6-9-da Avropa Parlamentinə
keçiriləcək seçkilərə, eləcə də digər mühüm regional və yerli seçkilərə bir
neçə ay qalmış seçicilər arasında bu partiyalara dəstək artır. Beləliklə,
millətçi, avroskeptik və antiimmiqrasiya partiyası olan Almaniya üçün
Alternativ Partiyası hazırda sorğularda sağ mərkəzçi Xristian Demokrat Siyasi
Alyansından (XDS-XSS) sonra ikinci yerdədir.

Yepiskoplar, dindar kişi və qadınlar, dünyəvi katolik təşkilatları bu
partiyaların ideologiyasının xristian və demokratik dəyərlərə uyğun gəlmədiyini
nəzərə alaraq, onları qəbul edə bilməyəcəklərini vurğulayıblar.

Fevralın 6-da Vatikanın rəsmi mətbu orqanı “Vatican News”da “Kilsə Almaniyada
ksenofobiyanın artmasından narahatdır” adlı məqalə dərc olunub.

“Correctiv” media araşdırma qrupunun hesabatına istinadən hazırlanan məqalədə
yazılıb ki, ötən il noyabrın 20-də Potsdamda neonasistlər sayı milyonlarla olan
immiqrantların, hətta onlardan Almaniya vətəndaşı olanların da ölkədən
çıxarılmasını müzakirə ediblər.

Bildirilib ki, “remiqrasiya” planı insan ləyaqətinə ziddir. Almaniya katolik
dini və dünyəvi təşkilatları da oxşar mövqe bildiriblər. 14 300 mömini təmsil
edən Almaniya Ali Başçıları Konfransının (DOK) İcra Şurası Potsdamda müzakirə
edilən qondarma “remiqrasiya” planının elanından dəhşətə gəldiklərini
açıqlayıb. Bildirilib ki, bu plan bütün insanların ləyaqətlilik prinsipinə,
azad və demokratik cəmiyyətin fundamental dəyərlərinə açıq şəkildə ziddir.

Almaniyanın bir sıra şəhərlərində, o cümlədən Düsseldorfda çoxminli etiraz
yürüşü keçirilib. Bu il yanvarın 27-də təşkil olunmuş aksiyaya Aşağı Saksoniya
əyaləti, Hildeşaym, Essen, Hamburq və Aaxen şəhərlərinin bir çox kilsə
rəhbərləri də qoşulub.

Ölkədə AfD-nin dövlət büdcəsindən maliyyələşdirilməsinin tamamilə
dayandırılması, yaxud minimuma endirilməsi müzakirə olunur. Bu Almaniyada ilk
dəfə baş verə bilər – partiyanın fəaliyyəti qadağan edilmir, ancaq dövlət
maliyyəsindən məhrum olunur. Ölkədə siyasi partiyaların fəaliyyəti iki dəfə
1952 və 1956-cı illərdə qadağan edilib. Onda özlərini nasistlərin varisi kimi
təqdim edən partiya, sonra isə sovetyönlü Kommunist Partiyası qadağan olunmuşdu.

Bu, Avropanı yeni bəlanın bürüdüyünə aid örnəkdir. Fransa, Belçika, İspaniya,
Skandinaviya ölkələrində antisemitizm davam edir. Avropa İttifaqı ölkələrinə
Asiya və Afrikadan köç edənlərə qarşı irqi, dini ayrı-seçkilik artıq qitənin
başlıca probleminə çevrilir. İslam və xristian olmayan başqa dinin
nümayəndələrinə qarşı dözümsüzlük yeni neonasizm hərəkatının yaranması ilə
müşahidə olunur. Avropanın multikulturalizmdən imtina cəhdləri yeni faşizm
dalğasının yaranmasına səbəb olar. Avropa İttifaqının xarici işlər və
təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin HƏMAS-İsrail
müharibəsini “mədəniyyətlərin toqquşması” kimi təqdim etməsi qitədə baş
verənlərin adi siyasi təşkilatdan qaynaqlanmadığını ehtimal etməyə əsas verir.

Bu gün Almaniyada və regionun başqa ölkələrində baş verənlər islamı və
müsəlmanları düşmən görüb, onlara qarşı dözümsüzlüyün nəticəsidir. Bir sıra
Avropa dövlətlərin xarici siyasətində xristianlıq islama qarşı qoyulur. Bu
münaqişə bölgələrində baş verənlərə yanaşmalarda özünü daha qabarıq göstərir.
Azərbaycan torpaqları işğal altında olanda, 44 günlük müharibə zamanı
Azərbaycan xalqı bunu daha aydın gördü. Ermənistan və havadarlarının işğal
dövründə Qarabağ və ətraf rayonlarda Azərbaycana aid dini, milli-mədəni, tarix
abidələri dağıdan zaman susan dünya, torpaqlar işğaldan azad edildikdən sonra
xristian təəssübkeşliyi ilə “erməni mədəni abidələrinin qorunması” iddiası ilə
çıxış etməyə başlayıb.

Avropa siyasi-ideoloji davranışının bumeranq effektinin yaşayır. Bu artıq
başqaları üçün deyil, hakimiyyətlərin baş ağrısına, bəlasına çevrilir.

“Report” İnformasiya Agentliyi

Source link