870d44d9-c9e6-43a1-a8fb-8121c13b093d..jpg

Avropanın məşhur futbol funksioneri “Neftçi”də – FOTO

Baxış sayı: 711 dəfə baxılıb.

Avropanın məşhur futbol funksioneri “Neftçi”də – FOTO

Avropanın təcrübəli, tanınmış futbol funksionerlərindən biri, İsveç milli
komandasının idman direktoru Yens Andersson “Neftçi” PFK ilə müqavilə bağlayıb.
Andersson “Neftçi”də idman direktoru vəzifəsinə təyin olunub.

50 yaşlı mütəxəssis buna qədər ölkəsinin “AİK Solna” (2010-13, 2014, 2018-20),
Xorvatiyanın “Hayduk Split” (2013), Danimarkanın “Aarhus” (2014-16) kimi
klublarında idman direktoru olaraq çalışıb. Təcrübəli mütəxəssis 2022-ci ildən
İsveç millisində idman direktoru kimi fəaliyyət göstərib.

Son müddət ərzində İsveçin bütün yaş qrupu üzrə milli komandalarında, həmçinin
uğurlu çıxış edən qadınlardan ibarət milli komandada keçirilən islahatlarda
Yens Andersson böyük pay sahibidir.

“Neftçi” PFK-da idman direktoru vəzifəsinin Yens Anderssona həvalə olunması
qabaqcıl Avropa təcrübələrinə əsaslanan yeni struktur və sistem quruculuğu ilə
bağlı klubun mövsümün əvvəlində bəyan etdiyi niyyətlərin ciddiliyini bir daha
təsdiq edir.

Klubun yaxın gələcək üçün strateji hədəflərindən biri Akademiyada keyfiyyətli
və köklü dəyişikliklərin həyata keçirilməsi, gənc istedadların üzə çıxarılması,
onların gələcək inkişafı və əsas komandaya düzgün cəlb edilməsi sisteminin
təkmilləşdirilməsidir. Bu strateji hədəflərə, həmçinin səmərəli və uzunmüddətli
transfer siyasətini planlaşdırmağa və həyata keçirməyə imkan verən inkişaf
etmiş, geniş skautinq sisteminin qurulması da daxildir.

Klubun bütün yaş qrupları üzrə komandalarına “Neftçi”nin vahid, unikal oyun
fəlsəfəsini və idman etikasını aşılamaq vacib məqsəd kimi qarşıya qoyulub.

Bununla yanaşı, həm bütövlükdə komandanın, həm də ayrı-ayrı oyunçuların, eyni
zamanda, klubun potensial transfer performansının və digər zəruri taktiki
göstəricilərinin təhlili üçün qabaqcıl və süni intellektə əsaslanan
texnologiyaların tətbiqi də planlaşdırılır.

Qeyd etmək istərdik ki, klubda aparılan islahatlar davam edir və yeni, köklü
dəyişikliklər gözlənilir.

Hazırda idman direktoru vəzifəsində çalışan Zaur Əzizov klubda qalır və yeni
idman direktoru ilə bərabər klubun inkişafı üçün çalışmağa davam edəcək.

Yens Andersson müqavilənin imzalanması üçün Bakıya gəlib. Mütəxəssis işə dörd
həftə sonra, İsveçdə – Federasiyadakı sənədləşmə işlərini yekunlaşdırdıqdan
sonra başlayacaq.

Faiq Tahirov

Source link