Avroparlamentin erməni sevgisi: Azərbaycanla dostluq əvəzinə düşmənçilik yolu
seçilib – ŞƏRH + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Avropa Parlamentinin Azərbaycan əleyhinə mövqe tutması artıq təəccüb doğurmur.
Avropanın bu ali orqanı hər bir fürsətdə rəsmi Bakının əleyhinə bəyanatla çıxış
etmək, qətnamə qəbul etmək imkanını qaçırmır. Bu hallarda məsələnin nə dərəcədə
ədalətli olması, adətən, ikinci planda qalır.
Belə nümunələrdən biri Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin
noyabrın 29-da qəbul etdiyi illik hesabatdır. Belə ki, sənəddə çoxlu sayda
köhnəlmiş, hətta Ermənistanın belə istifadə etmədiyi terminlərdən istifadə
olunub. Avroparlamentin qərarlarında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış
ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suverenliyini
bərpa etməsi “hərbi təcavüz” adlandırılıb, həmçinin, Azərbaycanın beynəlxalq
normaları pozduğu iddia edilərək ona qarşı sanksiyaların tətbiqi çağırışı yer
alıb.
Nəzərə almaq lazımdır ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi və Azərbaycan
Ordusunun bu ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatları heç
bir halda hərbi təcavüz kimi qiymələndirilə bilməz. Belə ki, əməliyyatların
məqsədi ərazi bütövlüyünün bərpası, Konstitusiya quruluşunun ölkənin bütün
ərazisində tətbiqinin təmin edilməsi idi.
Əslində, bu, Avropa Parlamentinin ilk belə qərarı deyil. Bu ilin oktyabrında
qurumun Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə Qarabağda yaşayan ermənilərə
qarşı hərbi əməliyyatlar keçirdiyi iddia edilib və orada qalan ermənilərə qarşı
“zorakılığa” son qoyulmasına çağırılıb.
2022-ci ilin mart ayında Avroparlamentin qəbul etdiyi daha bir qətnamədə iddia
olunmuşdu ki, Azərbaycan Qarabağda “erməni mədəni irsini dağıdır”. Hətta
Azərbaycanın digər ərazilərində də eyni addımların atıldığı yalanı ortaya
atılmışdı. Bu, tamamilə rəsmi İrəvanın dezinformasiyaları ilə eyni tərəzinin
gözünə qoyulmalıdır.
Xatırlatmaq yerinə düşər ki, Avropa Parlamentində iki nəfər istisna olmaqla
hər kəs qərarın lehinə səs vermişdi. Oraya seçilən deputatların bir çoxunun
Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbisinin təsiri
altına düşmələri dəfələrlə müxtəlif KİV-də qeyd olunub. Belələrinin arasında
korrupsiya qalmaqalları ilə üzləşənlər də olub.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri
Fərid Şəfiyev 2022-ci ildə bu əsassız və qərəzli qətnamələr barədə danışarkən
söyləmişdi ki, uzun illərdir Avropa Parlamentində Azərbaycana qarşı bir qrup
formalaşıb. Onun sözlərinə görə, burada əsas qüvvələrdən biri erməni lobbisidir.
Azərbaycan İkinci Qarabağ müharibəsindən əvvəl, torpaqları işğal altında olan
zaman da Avropa Parlamenti kimi beynəlxalq qurumların ədalətsiz qərarları ilə
üzləşib. İşğalçı Ermənistan avropalı deputatların diqqətindən kənarda qalıb,
işğala məruz qalan Azərbaycan isə tənqid obyekti olub.
Əslində, Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün məcburi
deyil. Amma faktın özü rəsmi Bakı ilə Avroparlament arasında münasibətlərin
korlanmasına əsas yaradır.
İstisna olunmur ki, bundan sonra da bu qurum Azərbaycana qarşı bəyanatlar
verəcək, sənədlər qəbul edəcək. Elə bununla da avropalı qanunvericilər
Azərbaycanı özlərindən uzaqlaşdırmağa səbəb olurlar. Amma nəzərə almaq lazımdır
ki, Cənubi Qafqazın ən böyük və ən güclü dövləti ilə dostluq etmək daha
yaxşıdır.
“Report” İnformasiya Agentliyi