Avropa Parlamenti qeyri-ciddi, gərəksiz, intriqa ocağı, aravuran bir qurum
olduğunu bir daha təsdiqləyib.
Oktyabrın 24-də burada Azərbaycan insan hüquqlarının pozulması və Ermənistana
münasibətdə beynəlxalq hüququn vəziyyəti haqqında qətnamə qəbul edilib.
Çox təəssüfləndirici haldır ki, 453 deputat sənədin lehinə səs verib. Bu
parlamentin tərkibinin mahiyyətinin göstəricisidir. Onlar bəlkə də Azərbaycan
və Ermənistanın yerləşdiyi coğrafi ərazidən belə xəbərsizdirlər. Bu baxımdan
belələrinin qətnamənin lehinə səs verməsi gülünc təsir bağışlayır.
Parlament beynəlxalq aləmdə yaranan mövcud problemləri həll etmək gücündə
olmadığını bu sənədlə də təsdiqləyib.
Qətnamədə bildirilib ki, Azərbaycanla Naxçıvan (?!) arasında kommunikasiya
problemləri Ermənistanın suverenliyi və ərazi bütövlüyünə tam hörmət şəraitində
həll edilməlidir. Bu sənəd müəlliflərinin coğrafi və hüquqi savadının
nümunəsidir. Deputatlar Naxçıvanın Azərbaycan torpaqları, onun bir hissəsi
olduğunu hələ də unudurlar. Onlar “Fransa ilə Yuxarı və Aşağı Normandiya
arasında kommunikasiya problemləri həll olunur” deyə açıqlama verə bilər?
Əlbəttə, yox. Çünki istənilən normal savadlı adam bu bölgələrin Fransaya aid
olduğunu bilir.
Belə qənaətə gəlmək olar k, qətnamədə bu məsələdən bəhs etməkdən əvvəl
deputatlara Cənubi Qafqaz regionu barədə məlumat da verilməli imiş. Əslində
Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında yol deyilir. Başqa sözlə,
burada Azərbaycandan-Azərbaycana yoldan söhbət gedir.
Başqa tərəfdən Zəngəzur yolunun açılmasına İrəvan dörd il əvvəl noyabrın 10-da
imzaladığı bəyanatda razılığını verib. Odur ki, deputatların məsələyə “ərazi
bütövlüyü və suverenlik” kateqoriyasından yanaşmaqla Tehran hakimiyyətinin
yersiz “qırmızı xəttinin” müdafiəçisi rolunu oynayıblar. İranın ali rəhbəri və
dövlətin başqa rəsmiləri Zəngəzur yolunun açılması ilə guya Ermənistanın ərazi
bütövlüyünün pozulacağını iddia edərək, bunu özlərinin “qırmızı xətti” elan
ediblər.
Qətnamədə Ermənistanı qorumaq üçün deputatlar iç üzlərini göstəriblər: “Avropa
İttifaqı Ermənistanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə təhlükə
yaradan istənilən fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq etməyə
hazır olması ilə bağlı mövqeyini təsdiqləyiblər”.
Bu bir zamanlar saxta erməni iddiasının, “soyqırımı” inkarın kriminallaşmasına
oxşayır. Vaxtı ilə belə bir qanun Fransada qəbul edilib.
Avropa Parlamenti üzvlərinin qətnamədə qabartdıqları bu məsələdə söz və fikir
azadlığı da pozulur, ona hörmətsizlik edilir. Onlar bununla həm də 300 minə
yaxın Qərbi azərbaycanlıların öz tarixi və dədə-baba yurdlarına qayıdışını
əngəlləməyə səy göstərirlər.
Avroparlamentarilər onların pozulan, tapdanan vətəndaş, insan və mülkiyyət
hüquqlarını görməzlikdən gəlirlər. Bununla həm də Qərbi azərbaycanlıların
qayıdışla bağlı hərəkatına qarşı çıxırlar. Qeyd edək ki, bu günlərdə
Azərbaycanın Milli Məclisində Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu
yaradılıb. Qətnamənin lehinə səs verənlər bu prosesi, Azərbaycan parlamentinə
qarşı sanksiyanın qəbul edilməsinə əsassız cəhd göstəriblər.
Avropa Parlamentinin deputatları daha bir yersiz iddia ilə çıxış ediblər.
Qətnamədə 2023-cü il noyabrın 17-də qəbul olunmuş qərarının Azərbaycan tərəfdən
yerinə yetirilməsini istəyiblər. Onlar rəsmi Bakını Qarabağdan köç etmiş
sakinlərin “təhlükəsiz, maneəsiz və sürətlə geri qayıtması üçün tədbirlərlə
bağlı bütün qərarlarını tam şəkildə icra etməyə çağırıblar”.
Burada da onlar yanlışlığa yol veriblər. Azərbaycan həmin erməniləri qovmayıb.
Prezident İlham Əliyev onlara Azərbaycan cəmiyyətinə inteqrasiya olunmaları
üçün dəfələrlə müraciət edib. Ancaq onlar bunu qəbul etməyərək ölkəni könüllü
tərk ediblər. Halbuki həmin hadisələrdən 35 il əvvəl indiki Ermənistan
ərazisindən 300 minə yaxın Qərbi azərbaycanlı ermənilərin silah tətbiqi yolu
ilə öz evlərindən qovulublar. Onlar mal-mülklərindən məhrum edilib,
vətəndaşlıqdan xəbərsiz çıxarılıblar. Qərbi azərbaycanlıların evləri,
torpaqları 36 ildir xaricdən köçürülən ermənilərə verilib. Bu, beynəlxalq
ictimaiyyətin qəbul etdiyi insan, mülkiyyət, vətəndaş və başqa hüquqların
tapdanmasıdır. Avroparlamentin qətnamənin lehinə səs verən deputatlarının bu
məsələni görməyə gözü, eşitməyə qulağı bağlıdır.
Qətnamədə bildirilib ki, deputatlar həmçinin “Dağlıq Qarabağda erməni mədəni,
dini və tarixi irsini məhv etməkdən çəkinməyi və onun qorunmasını tələb
ediblər”.
Əvvəla, onlar bu maddə ilə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə
hörmətsizlik ediblər. Çünki Azərbaycan Respublikasında “Dağlıq Qarabağ” adlı
bölgə yoxdur. Başqa bir tərəfdə isə Qarabağa və ətraf rayonlarda ermənilərin
“mədəni, tarixi irsi” deyə bir abidə də mövcud deyil. Çünki onlar Azərbaycan
torpaqlarına iki yüz ilə yaxındır yerləşdiriliblər. Odur ki, tarixin yaşı ilə
müqayisədə bu rəqəm böyük deyil. Odur ki, ermənilərin Qarabağda “tarixi, mədəni
abidələr” tikməyə elə çox zamanı olmayıb. Həmin abidələr isə qədim türk, alban
mədəniyyətinin inciləridir. İslam dini abidləri, inanc yerləri və məscidlərin,
albanlara məxsus xristian abidələri torpaqlar işğal altında olduğu 30 ilə yaxın
müddət ərzində ermənilər tərəfindən dağıdılıb.
Odur ki, avroparlamentarilərin bu iddiası da çürükdür.
Deputatlar qətnamədə Aİ-dən “Azərbaycana onun hərbi və ya təhlükəsizlik
imkanlarının gücləndirilməsinə töhfə verə biləcək bütün texniki və maliyyə
dəstəyini dayandırmağa, üzv dövlətlərə isə Azərbaycana bütün hərbi və
təhlükəsizlik texnikasının ixracını dondurmağa çağırıblar.
Avropa İttifaqına üzv olan Fransa Ermənistanın silahlandırılmasında ən fəal
rol oynayır. Halbuki bu ölkə 30 il başqa bir dövlətin ərazisini işğalda
saxlayıb. Avropa İttifaqı parlamentinin deputatları bu məsələdə də haqsızdırlar.
1992-ci ildə ABŞ Konqresi “907-ci düzəlişlə” bir dəfə belə səhv edib. Avropa
Parlamentinin deputatları bununla eyni zamanda 32 il öncə amerikalı
qanunvericilərin yanlış əməlini təkrar etməyə çağırırlar.
Azərbaycanla Ermənistanın şərti dövlət sərhədində Avropa İttifaqının mülki
monitorinq missiyası yerləşdirilib. Avrodeputatlar qətnamədə bu məsələdən bəhs
edərək bildirib ki, Avropa İttifaqı və ona üzv dövlətlərə qurumun
Ermənistandakı missiyasının mandatının gücləndirilməsi, onun daha da
artırılması və qüvvədə olma müddətinin uzadılması çağırışı edilib.
Həmin missiya əvvəldən qısa müddətli nəzərdə tutulmuşdu. Rəsmi İrəvan və
Parisin səyi ilə bu missiya iki ilə yaxındır fəaliyyət göstərir. Onun
fəaliyyətdə olduğu illər ərzində Azərbaycanla şərti sərhəddə Ermənistan tərəfi
dəfələrlə təxribat törədib. Bu həmin missiyanın fəaliyyətinin uğursuzluğuna
nümunədir. Həmin hadisələri ermənilərin törətdiklərini missiya da, rəsmi İrəvan
da etiraf edib. Belə olan halda Ermənistana qarşı heç bir məhdudlaşdırıcı
tədbir görülməyib. Onda bu müşahidəçilərin Azərbaycana qarşı olduğu qənaətinə
gəlməyə əsas verir. Ona görə də qətnamənin bu maddəsi də reallığa uyğun
sayılmır.
Oktyabrın 24-də Tatarıstanın paytaxtı Kazanda BRICS sammiti çərçivəsində
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan
arasında ikitərəfli birbaşa görüş olub. Ehtimal etmək olar ki, onlar bir neçə
gün öncə Bakıda və İrəvanda səfərdə olmuş ABŞ Prezidenti Cozef Baydenin xüsusi
köməkçisi Maykl Karpenterin gətirdiyi ismarışdan meydana çıxan məsələni
müzakirə ediblər. Prezident və baş nazir XİN başçılarına sülh sazişi işlərinin
tez zamanda yekunlaşdırılmasına dair təlimat veriblər.
Odur ki, Avroparlamentin canfəşanlığı Azərbaycan və Ermənistan arasında
münasibətlərə yersiz müdaxilədir. Şumer atalar sözündə deyilir: “Qəssabların
mübahisəsində qoyunların tərəf tutması onların aqibətini dəyişməz”.
Avropa Parlamentinin deputatlarına bu aqibət daha çox yaraşır.
“Report” İnformasiya Agentliyi