65cf21b2-6aa3-4ff5-8df5-60cbac528bd3..jpg

Avstraliya ictimaiyyətinə Ermənistanın yalanlarına inanmamaq çağırışı ünvanlanıb

Baxış sayı: 863 dəfə baxılıb.

Avstraliya ictimaiyyətinə Ermənistanın yalanlarına inanmamaq çağırışı
ünvanlanıb

Azərbaycan icması Avstraliya ictimaiyyətini Rusiya sülhməramlılarının
müvəqqəti nəzarəti altındakı Azərbaycan ərazilərində qanunsuz fəaliyyət
göstərən erməni separatçılarının yalanlarına inanmamağa çağırıb.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat
verilib.

Avstraliya Azərbaycan Assosiasiyasının, Azərbaycan-Avstraliya-Türkiyə Dostluq
Assosiasiyasının, Avstraliya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Kvinslend
Azərbaycanlıları Cəmiyyətinin yaydıqları müraciətdə bildirilib ki, təcavüzkar
imicə malik olan Ermənistan və erməni separatçıları bütün dünyanı aldatmaq
məqsədilə istənilən fürsətdən həyasızcasına istifadə etməyə çalışır, hətta
idman yarışı zamanı siyasi çağırışlar etməkdən çəkinmir:

“Australian Open-2023” tennis yarışı zamanı Karen Kaçanovun çəkiliş
kamerasının ekranına erməni separatçılarını möhkəm olmağa səsləyən yazı yazması
bunun bariz nümunəsidir. “Bu, yolverilməzdir!”

Müraciətdə ermənilərin Azərbaycan torpaqlarında məskunlaşması tarixi,
Azərbaycan ərazisində “Artsax” adlanan “dövlət”in mövcud olmadığı, erməni
separatçılarının qondarma rejiminin beynəlxalq səviyyədə tanınmadığı,
Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti barədə ətraflı məlumat verilib.
Beynəlxalq hüquq normalarına məhəl qoymayan və havadarlarına arxalanan
Ermənistanın saysız-hesabsız təxribatlarının 2020-ci ilin payızında İkinci
Qarabağ müharibəsinin başlanması ilə nəticələndiyi, Azərbaycan dövlətinin
təkbaşına BMT qətnamələrini icra edərək öz əzəli torpaqlarını erməni işğalından
azad etdiyi nəzərə çatdırılıb.

“Lakin Azərbaycan torpaqları işğaldan azad olunduqdan sonra da Ermənistan yenə
işğal dövründəki siyasətini davam etdirir. Rusiya sülhməramlılarının müvəqqəti
nəzarəti altındakı Azərbaycan ərazilərində ekoloji terror törədir, təbiətə
böyük ziyan vurur. İşğal dövründə basdırılmış minaların xəritəsini verməyərək,
Azərbaycanın dinc əhalisinə qarşı mina terroru həyata keçirir. Belə ki,
müharibə bitdikdən sonra 45 nəfər dinc azərbaycanlı həmin ərazilərdə həlak
olub, 231 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb”.

Ötən həftə baş vermiş bu hadisəyə dərhal reaksiya verən soydaşlarımız
Avstraliya ictimaiyyətini Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə və
Ermənistanın əməllərini pisləməyə dəvət ediblər. Qeyd edək ki, Avstraliyanın
müxtəlif şəhərlərində yaşayan diaspor fəalları da fərdi olaraq “Australian
Open-2023”nın rəsmi internet səhifəsinə, Avstraliyanın Tennis Federasiyasına və
nüfuzlu telekanallara çoxsaylı məktublar ünvanlayaraq, bu yolverilməz olaya
sərt etirazlarını bildiriblər.

Source link