Azərbaycan son iki Qış Olimpiadasında təmsil etmiş dağ xizəksürəni Patrik Braxner Azərbaycan üçün xeyriyyə addımına imza atıb.
Daha Azərbaycan üçün çıxış etməyəcəyi və karyerasını bitirdiyi gözlənilən avstriyalı legioner bunu ÇıxışYolu.Com-a verdiyi müsahibəsində bildirib:
“Mən xeyriyyə təşkilatı olan Azərbaycan üçün Yardım Birliyi (United Aid for Azerbaijan – UAFA) üçün könüllü aksiyaya başlamışam. Bu aksiyaya əsasən Pyanqçanq Olimpiya Oyunlarından əldə etdiyim əşyaların hamısını bu təşkilata bağışlamışam. Aksiyanın tarixi martın 4-də başa çatır. Ancaq biz, böyük ehtimalla, bu tarixi bir həftə daha uzadacağıq”.
Qeyd edək ki, Patrik Braxnerin hazırda aksiya çərçivəsində 11 əşyası satışdadır. Bunların arasında bel çantası, papaqlar, Kappa geyimləri, açılış mərasimində geydiyi pencək və palto, eləcə də Cənubi Koreyanın Olimpiya Komitəsinin hər iştirakçı üçün verdiyi “Samsung Galaxy Note 8” smartfonu var. Məhz ən bahalı telefon da “Samsung” mobil telefonudur – 900 dollar.
Onu da bildirək ki, satışdan əldə olunan pullar 1998-ci ildə təsis olunmuş UAFA vasitəsilə uşaqlara, xüsusən də əlilliyi olan uşaqların sağlamlıq və təhsil məsələlərinə xərclənəcək.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com