Avtobuslarda nağdsız ödənişlərin tətbiqi ilə bağlı AÇIQLAMA: “Bakı ilə
məhdudlaşmayacaq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Vətəndaşların rahatlığı, xidmət səviyyəsinin yüksəldilməsi üçün hədəfimiz
bütün avtobusların nağdsız ödəniş sisteminə keçidini təmin etməkdir”.
Bunu “Trend”ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin
sədri Anar Rzayev deyib.
“Sərnişindaşıma sahəsində aparılan islahatlar həm də bu istiqaməti əhatə
edəcək. Nağdsız ödənişlərin tətbiqi təkcə paytaxt Bakı ilə məhdudlaşmayacaq.
Sumqayıtda da şəhərdaxili ictimai nəqliyyatda nağdsız ödənişlərin tətbiqi üzrə
işlər aparılır. Bakı-Sumqayıt ekspres avtobusunda ödənişlər nağdsız qaydada
həyata keçirilir. İctimai nəqliyyatda bütün növ ödəniş vasitələrindən
istifadəyə imkan yaratmaq üçün mövcud nağdsız ödəniş sistemi üzərində
təkmilləşdirmə işləri aparılır. Sistem yeniləndikdən sonra təmassız
texnologiyanı dəstəkləyən, bütün bank kartları və mobil cihazlardan ödəniş
etmək mümkün olacaq. Yaxın vaxtlarda bir neçə marşrutda ödənişlərin bank
kartları ilə edilməsi sınaqdan keçiriləcək. Sınaqlardan sonra ödəniş sisteminin
ilkin tətbiqinə başlanılması nəzərdə tutulur. Düşünürəm ki, 2024-cü il sərnişin
nəqliyyatının inkişafı və tətbiq olunacaq yeniliklər baxımından çox əhəmiyyətli
il olacaq”, – deyə o bildirib.