Avtomobil bazarında qiymət artımı nə ilə əlaqədardır? – REPORTAJ + FOTO

Baxış sayı: 636 dəfə baxılıb.

Avtomobil bazarında qiymət artımı nə ilə əlaqədardır? – REPORTAJ + FOTO

İstehsal tarixi 10 ildən çox olan minik avtomobillərinin (nadir minik
avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən avtomaşınlar istisna
olmaqla) Azərbaycana gətirilməsinin məhdudlaşdırılması maşın bazarında
qiymətlərə təsir göstərib.

“Report”un yerli bürosu hazırda avtomobillərin qiymətlərini öyrənmək üçün
Sumqayıtın maşın bazarında müşahidələr aparıb. Həm alıcılar, həm də satıcılar
bildiriblər ki, qiymətlər qalxıb. Özü də, nə az, nə çox – 1 000-2 000 manat.

Satıcı Zakir İbrahimov bildirib ki, qiymətlərdə fərq köhnə avtomobillərdə
müşahidə edilir:

“Qiymət artımı xüsusən də buraxılış ili köhnə olan avtomobillərdə müşahidə
edilir”.

Digər satıcı Ramin Heydərov isə bunun səbəblərini başqa faktorla
əlaqələndirib. O, hər ilə yay fəslində qiymətlərin artdığını qeyd edib.

Satıcı Şükür Şükürov alış-verişin olmamasından gileylənib:

“Qiymətlər kəllə-çarxa qalxıb. Alıcıların da cibinə uyğun olmadığı üçün
bazarda durğunluq yaşanır”.

Satıcı Əmrah Abdullazadənin sözlərinə görə, sürücülər xarici ölkələrdən maşın
gətirə bilmədikləri üçün burdakı maşınlara tələbat var:

“Alıcılar əsasən buraxılış ili köhnə, mühərrik gücü az olan maşınlara üstünlük
verir”.

Alıcı Elvin Paşabəyli qiymət artımını subyektiv səbəblərlə əlaqələndirib:

“Hərə qiyməti bir səbəbdən qaldırır. Alıcı çoxdur, amma ala bilən yoxdur.
Avtomobillərin qiyməti çox artıb. Xüsusən “Mercedes-Benz” markalı maşınların”.

Alıcı Şəmsəddin Şabanov da qiymətlərin qalxdığını qeyd edib.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyev
bildirib ki, istehsal tarixi 10 ildən artıq olan avtomobillərin ölkəyə
buraxılmaması qərarından sonra bu nəqliyyat vasitələrinin qiymətlərində marka
və modelindən asılı olaraq 1 500 manatdan başlayan artım hiss edilir:

“Bu, bir sıra maşın alverçisi adlandırdığımız şəxslər tərəfindən təyin olunan
süni artımdır. Əslində istər həmin avtomobillərin, istərsə də digər köhnə
avtomobillərin qiymətləri yerli bazarda süni olaraq iki-üç dəfə artırılıb.
Təəssüfedici haldır ki, artıq istifadə müddətini başa vurmuş bir çox
avtomobillər “bəh-bəh”lə satılır. Misal üçün, 1994-cü ilin “Mercedes-Benz”ini
hələ də bazarda 10 min manat ətrafında satılması pisdir. Düşünürəm ki, yaxın
zamanlarda bununla bağlı tədbir görülər”.

Source link