f0ac9edc-8d40-4a64-9a39-4a0ff7bf33db..jpg

Avtomobil idxalçıları: “Xaricdən köhnə avtomobilləri sifariş edənlər kasıblardır”

Baxış sayı: 1. 039 dəfə baxılıb.

Avtomobil idxalçıları: “Xaricdən köhnə avtomobilləri sifariş edənlər
kasıblardır”

Ötən gün Baş nazir Əli Əsədovun imzaladığı qərarla zavod buraxılış tarixi 10
ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsinin
məhdudlaşdırılacağı bildirildi.

Qərarın avtomobil idxalına necə təsir edəcəyi haqqında Cixisyolu.com-a danışan
nəqliyyat şirkətlərinin sahibləri həm müsbət, həm də mənfi məqamların olduğunu
qeyd ediblər.

Ölkəyə avtomobil idxal edən şirkətlərdən birinin sahibi Nurlan Əliquliyevin
fikrincə, bu qərar ucuz maşınlarla işləyən kiçik şirkətlərə təsir edəcək:

“Böyük şirkətlər üçünsə deyə bilərəm ki, hətta çox müsbət məqamdır. Çoxdan
gözləyirdik ki, belə qərar verilsin, hətta gətirilən avtomobillərin istehsal
ili 2016-2017-ci ilə qədər azaldılsın. Qərar bir ay sonra qüvvəyə minir. O
vaxta qədər sifariş edilmiş avtomobillərdən ölkəyə çatan da, çatmayan da ola
bilər. Bu, problem deyil. Vətəndaş pulunu qərardan öncə ödəyibsə, itkisi
olmayacaq. Ən pis halda vətəndaş məhkəməyə müraciət edib, hüquqlarının
bərpasına nail olacaq. İstənilən halda, müştəri gömrük rəsmiləşməsini özü həll
etdiyindən diler şirkətlərə hansısa ziyanı olmayacaq. Fikrimcə, bu məsələdə
vətəndaşlara güzəşt ediləcək, pulunu ödədiyi avtomobili alacaq. Heç kim yatıb,
yuxusunda belə qərarın veriləcəyini görməmişdi ki?! Ona görə də narahatlığa
əsas olmadığını, hansısa şəkildə problemlərin həll ediləcəyini düşünürəm”.

Digər avtomobil idxalçısı Yaqub Yaqubov isə qeyd edib ki, Nazirlər Kabinetinin
belə bir qərarının olacağı haqqında əvvəldən söz-söhbət var idi:

“Bu gözlənilirdi. Amma belə tez və sərt şəkildə həyata keçiriləcəyini
düşünməzdik. Ötən gündən etibarən bizə çoxsaylı zənglər olunub, suallar
ünvanlanıb, hətta verdiyi sifarişlərini geri çəkmək istəyənlər də var.
Azərbaycana avtomobillərin əksəriyyəti Koreyadan və ya Amerikadan gətirilir.
Nəql gəmi ilə həyata keçirildiyindən avtomobilin Azərbaycana çatması dörd-beş
aya qədər yubana bilir. Hesab edirəm ki, Gömrük Komitəsi intervalı və şərtləri
bildiyindən vətəndaşların xeyrinə təkliflərin qəbul edilməsinə səy göstərə
bilər. İnsanlar ən çox bu vaxt məhdudiyyətinə görə narahatdırlar.

Sonradan rəsmi olaraq açıqlandı ki, qərarın imzalandığı 29 mart tarixinə qədər
(29 mart daxil olmaqla) maşınlarını sifariş edib, pulunu ödəyənlərə güzəşt
ediləcək. Yəni haqqı ödənilmiş və qərar qüvvəyə minəndən sonra gəlib çatan
avtomobillər sərhəddə qalmayacaq. Onlara da güzəşt edəcəklər, amma qərar
əvvəldən açıqlanmadığından, görünür ki, insanlarda əsəb, stres,
süründürməçiliyə səbəb ola biləcək məqamlarla bağlı narahatlıq var.

Güzəşt edilməməsinin əsası yoxdur. İnsanlar sifariş etdikləri avtomobillərin
pulunu bank vasitəsi ilə ödəyiblər. Deməli, ölkədən pul çıxıb və onun əvəzində
nə isə gətirilməlidir. Əgər pulun əvəzinə avtomobil alınmazsa, bu, vətəndaşlara
daha bir problem yaradacaq. Onlar xaricə pul axınında ittiham oluna bilərlər.
Xaricdən köhnə avtomobilləri sifariş edənlər kasıblardır. Varlılar son model
maşını Azərbaycanda avtosalonlardan alırlar. Bu dəfə də kimə isə maddi ziyan
dəyəcəksə, bu, kasıblar olacaq.

Artıq əlində olan avtomobili satışa çıxarmış şəxslərin bir çoxu elanı geri
götürüb və ya qiyməti qaldırıb. Avtomobil satış saytlarına baxın, köhnə
maşınları satmaqdan imtina edirlər, çünki bir ay sonra həmin maşınların qiyməti
qalxacaq.

Qərarın mahiyyəti, detalları, müsbət və mənfi tərəfləri, bütün risklər rəsmi
şəkildə açıqlanmalıdır. Konkret cavab verilməlidir ki, proses necə həyata
keçiriləcək. Əks halda insanların narahatlığını səngitmək çətin olacaq”.

Aysel Aslan

Source link