“Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”də dəyişikliklər edilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Dəyişikliyə görə, mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması zamanı yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələr nəzərə alınacaq.
1. 1.3-cü bəndin birinci abzasına “rüsumların” sözündən sonra “, yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin” sözləri əlavə edilsin.
2. 1.9-cü bəndə “dövlət rüsumu” sözlərindən sonra “, habelə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə” sözləri əlavə edilsin.
3. 2.6-cı bəndin birinci abzasının birinci cümləsinə “müvafiq sənədlər verildiyi” sözlərindən sonra “, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi” sözləri əlavə edilsin.
4. 2.6-cı bəndin üçüncü və dördüncü abzasları müvafiq olaraq dördüncü və beşinci abzaslar hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:
“Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması təmin edilməlidir.”.
5. 2.8-3-cü bəndin birinci cümləsinə “həvalə etdiyi şəxsin” sözlərindən sonra “(nəqliyyat vasitəsinin sürücüsünün)” sözləri əlavə edilsin.