“Bank Respublika” və Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda tələbələr arasında keçirilən yazı müsabiqəsinin qalibləri açıqlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında qaliblər haqqında məlumat verən “Bank Respublika”nın Marketinq Departamentinin direktoru Əli Daşdəmirov bildirib ki, tələbələr tərəfindən 100-dən artıq yazı işi göndərilib.
Həmin yazılar Xalq artisti Nurəddin Mehdixanlı, BDU-nun Tarix fakültəsinin kafedra müdiri Anar İskəndərov, BDU-nun Tarix üzrə fəlsəfə doktoru Sevinc Qasımova, “Bank Respublika” və Banklar Assosiasiasının rəhbərliyindən ibarət münsiflər heyəti tərəfindən təhlil edilib. Nəticədə müsabiqənin üç qalibi müəyyən edilib.
Qaliblərin adlarını açıqlayan Ə.Daşdəmirov birinci yerə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi Əsgərova Nərminin, II yerə Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Ömərova Nigarın, lll yerə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Vəlixanov Nazimin layiq görüldüyünü bildirib.
Qeyd edək ki, qaliblərə pul mükafatı və qalibiyyət sertifikatları təqdim olunub.