b961e32e-c358-40d9-bf26-e2553a954d5c..jpg

Ay işığı da yalan danışırsa…

Baxış sayı: 1. 039 dəfə baxılıb.

Ay işığı da yalan danışırsa…

Qan Turalı yazır…

Uzun illər əvvəl Nazim Hikmət “Əllərinizə və yalana dair” adlı şeirində belə
yazırdı:

İnsanlar, ah, mənim insanlarım,
Antenalar yalan danışırsa,
Yalan danışırsa rotasiya maşınları,
Kitablar yalan danışırsa,
Divarlardakı afişalar, sütunlardakı elanlar yalan danışırsa,
Ağ pərdədə çılpaq baldırları yalan danışırsa qızların
Dua yalan danışırsa,
Layla yalan danışırsa,
Röya yalan danışırsa,
Meyxanada skripka çalan yalan danışırsa,
Duvardakı afişa, sütunda ilan yalan söylüyorsa,
Ümidsiz günlərin gecələrində ay işığı yalan danışırsa,
Səs yalan danışırsa,
Söz yalan danışırsa,
Əllərinizdə başqa hər şey,
Hər kəs yalan danışırsa…

Görkəmli rus dissidenti Aleksandr Soljenitsin məşhur essesini “Yalansız
yaşamaq” adlandırmışdı. Nazim Hikmət ölkəsindən azadlıq arzusuyla qaçıb
Soljenitsinin vətəninə gəlmişdi. Soljenitsin isə ömrünün böyük bir hissəsini
ABŞ-də keçirməli olmuşdu. O da eynən Nazim Hikmət kimi azad və yaxud öz sözləri
ilə desək “yalansız yaşamaq” istəyirdi.

Yalansız bir yer mümkündürmü? Bu, çətin bir sualdır, əslində cavabsız, ya da
ritorik bir sualdır. Modern dünyada yalan artıq həqiqətin yerini almayıb,
həqiqət özü yalana çevrilib.

Qədim bir məsəlimiz “Yalan ayaq tutar, ancaq yeriməz” deyir. Müasir dünyada bu
yalana yox həqiqətə aid bir diaqnoz kimi görünür. Həqiqətə baxan, ona fikir
verən yoxdur. Həqiqət ayaq tutur, ancaq yerimir.

Hər gün biz öz həyatımızda həqiqətin ayaq tutub yerimədiyinə dəfələrlə
şahidlik edirik. Çünki sosial media nəhəng bir yalan maşını ilə üstümüzə hücum
edir. Bir neçə gün bundan öncə Roma papasının ağ idman gödəkcəsi ilə rəsmi
yayıldı. Hər kəs onu paylaşmağa başladı. Bu arada kimsə girib bu şəklin saxta
olduğunu yazsaydı ona kim fikir verəcəkdi ki? Halbuki şəkil saxta idi.
Həqiqətin ayaq tutması, ancaq yeriməməsi elə burdan da məlum olur.

Hamımızın bildiyi kimi, Tramp keçən həftə həbs ediləcəyi ilə bağlı bir anons
verdi. Anons səhv çıxdı, bu öz yerində. Ancaq süni intellekt proqramı ilə onun
həbs görüntüləri hər kəs tərəfindən paylaşılmağa başlanılmışdı. Görüntüləri
hazırlayıb sosial şəbəkədə paylaşan istifadəçi isə bunun zarafat olduğunu qeyd
etsə də bu çox adamın vecinə olmadı. Onun mesajını çoxları ümumiyyətlə
görməmişdi. Bir sözlə, həqiqət ayaq tutmuş ancaq yeriməmişdi.

Roma papasının ağ idman gödəkcəsində olan şəkli mahiyyət etibarı ilə zərərsiz
görünə bilər. Faktiki olaraq, papanın əyninə nə geyinməsinin qatı katoliklərdən
başqa kimin üçün əhəmiyyət daşıyar ki?! Ancaq bu sadəcə bir nümunədir. Elə
ABŞ-də Trampın seçildiyi seçkidə Roma papasının guya Trampı dəstəklədiyi barədə
xəbər ildırım sürəti ilə yayılmış, bu xəbər 20 milyon adam tərəfindən
oxunmuşdu. Bu isə o qədər də zərərsiz deyildi, çünki dindar insanların seçiminə
bu saxta xəbər təsir edə bilərdi. Elədi də…

Soljenitsinin eləcə də Nazim Hikmətin zamanında həqiqət və yalanın yerləri
aydın idi. Məsəldə deyildiyi kimi, yalan ayaq tutur ancaq yerimirdi. Müasir
dövrdə isə həqiqət və yalanın yeri o qədər dəyişib ki… Söhbət təkcə nəyin
yalan, nəyin həqiqət olmasından da getmir. Söhbət ondan gedir ki, həqiqət daha
heç kimə lazım deyil.

Bəşər övladı yüz min illərdir həqiqət arxasınca qaçıb. Onu dərk etməyə, onu
anlamağa, ona yetməyə çalışıb. Qurbanlar verib, fədakarlıqlar göstərib, min bir
əziyyətlər çəkib, cəfalar görüb, bəlalara tuş gəlib. Ancaq indi… İnsanların
belə bir axtarışı yoxdur.

Burada əhəmiyyətli məqam da budur, insanlar əvvəl həqiqəti axtarırdılar, indi
isə axtarmırlar. Nitsşenin dühası bu situasiyada da üzə çıxır: “Həqiqətin
düşməni kimi inanclar daha təhlükəlidir, nəinki yalanlar”.

Məsələ də bundan ibarətdir, insanları inancları, maraqları, mənafeləri idarə
edir. Ona görə də nəyin həqiqət, nəyin yalan olması ikinci bəlkə də
üçüncüdərəcəli məsələdir. Mənfəətə uyğun gəlirsə yalan həqiqət ola bilər. Bir
çox hallarda isə bu belədir.

Nazim Hikmət yalan danışanların böyük bir siyahısını təqdim edir. Bəs yalana
inananlar? Ona sarılanlar? Axı yalana inanan olmasa o elə yalan kimi qalacaq.
İnsanların inanmadığı bir yalan həqiqətin taxtında oturmayacaq.

Naməlum müəllifin dediyi kimi… “Bundan da çətin dövrlər olub, ancaq bundan
əclaf dövrlər olmayıb”.

Source link