efeb0e69-2631-4de5-9214-838a516c7c3a..jpg

Ayaqları tutulan Məsumə Babayeva: “Əməyimdən istifadə edib, özlərinə bahalı ev aldılar”

Baxış sayı: 745 dəfə baxılıb.

Ayaqları tutulan Məsumə Babayeva: “Əməyimdən istifadə edib, özlərinə bahalı ev
aldılar”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“O gün evdə yıxılmışam. Ayaq üstə idim, fırlanmaq istəyəndə yıxıldım.
Ayaqlarımda problemlərə görə qalxa bilmədim. Zəng etdim qızıma, o, taksi ilə
şəhərdən yaşadığımız yerə gəldi. Taksi sürücüsü ilə köməkləşib məni
qaldırdılar. Divana uzadıb, getdilər. Axşama kimi o vəziyyətdə qaldım. Çox
əziyyət çəkirəm”.

Bu sözləri Bizim.media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrının məşhur aktrisası Məsumə Babayeva deyib.

75 yaşlı sənətkar səhhətinin ağır olduğunu, ayaqlarının tutulduğunu və bu
səbəbdən yeriyə bilmədiyini açıqlayıb:

“Müalicələrimi edirəm, amma heç bir effekti yoxdur. Harada qırıldı, qırıldı…
Ayağıma stent qoydular. Sonra isə həkimlər istədilər ürəyimdə cərrahi əməliyyat
keçirsinlər, ürəyimə stent qoysunlar. Amma əməliyyata icazə vermədim. Çünki 72
yaşım var. Bu ağır əməliyyatdan sağ çıxmaram.

Şəhərdə ürək həkimim var. O mənə söylədi ki, səni əməliyyatsız müalicə edərəm.
Mənim özümə baxan insan lazımdır. Alim qızım mənə evdə hər bir işimdə kömək
edir. Çimizdirir, yeməyimi verir, müalicələrimi edir. Özüm isə heç bir iş görə
bilmirəm. Çünki ayaqlarımın hər ikisi tutulub. Gəzə bilmirəm, yıxılıb qalıram
saatlarla evdə. Gərək iki adam olsun ki, məni yerdən qaldırsın. Mütəmadi
uzanıram”.

M.Babayeva maddi vəziyyətinin aşağı olduğunu və bu səbəbdən dərmanları
aptekdən nisyə aldığını bildirib:

“Müalicələrimi evdə edirəm. Dərmanlarımı aptekdən nisyə alıram. Onları qəbul
edirəm. Təqaüd alanda aptekə yavaş-yavaş borclarımı ödəyirəm. Dərmanların
qiyməti də od tutub yanır. Qızım məni saxlayır. Qızım ADNSU-da (Azərbaycan
Dövlət Neft və Sənaye Universitetində) dərs deyir. O, alimdir. Alimin və
müəllimin aldığı maaş isə çox aşağıdır. Birtəhər dolanırıq”.

Aktrisa Mədəniyyət Nazirliyinin onun vəziyyətindən xəbərdar olduğunu, lakin
heç bir yardım göstərmədiyini vurğulayıb:

“Mədəniyyət Nazirliyi vəziyyətimdən xəbərdardır, amma heç nə etmir. Bir dəfə
Qurban bayramında evə qurbanlıq payı göndərdilər. Ondan sonra səs-səmirləri
kəsildi. Heç kim mənimlə əlaqə saxlamayıb. Elə bil ki, yoxam bu dünyada.
İllərlə çalışdığım, hazırda isə yaşıma görə çıxdığım Gənc Tamaşaçılar Teatrının
Həmkarlar İttifaqı yanvar ayında yardım məqsədi ilə mənə bir qutu ərzaq
göndərdi (makaron, vermişel, çay, qənd və s.). Ondan sonra heç kim mənimlə nə
maraqlanır, nə də hansısa maddi yardım edir.

Mən yaşıma görə müəyyən miqdarda təqaüd alıram. Amma aktrisalıq fəaliyyətimlə
bağlı heç bir təqaüd almıram. Mənimlə nə maraqlanan var, nə də bu haqda
danışmaq istəyirəm”.

Məsumə Babayeva onu seriallara çəkən rejissorlardan da gileylənib. Aktrisa
deyib ki, onlar səhhətinin ağırlaşdığını bildikdən sonra onunla bütün əlaqəni
kəsiblər:

“Bir çox seriallara çəkilmişəm. Amma o serialların rejissorları bir dəfə də
olsun zəng vurub mənimlə maraqlanmırlar. Onlar mənim əməyimdən istifadə edib,
özlərinə bahalı avtomobillər və ev aldılar. Şəraitlərini düzəltdilər. Mənim
ağzıma isə bir tikə atırdılar ki, danışma, sus. Zəhmətimi əlimdən alırlar, amma
əvəzində heç nə vermirlər.

Deyəndə ki, xəstəyəm, bununla da hər şey bitir. Rejissorlara dedim ki,
xəstəyəm, məni seriala çağırmayın. Ondan sonra bir adam da tapılmadı ki,
maraqlansın, varam, yoxsa yoxam”.

Sənətkar gününü televizora baxaraq keçirdiyini söyləyib:

“Oturmuşam evdə, günümü elə televizora baxa-baxa keçirirəm. Bütün gün
uzanıram. Evin içində ayağa durub, gəzə bilirəm. Amma uzun məsafə gedə
bilmirəm. Stulda da çox oturanda ayağımdakı damarlar işləmir. Gərək uzanım ki,
qan damarlarda dövrə etsin. Ona görə mənə çox çətindir”.

Qeyd edək ki, ötən il Məsumə Babayevanın sinəsində şiş aşkarlandığı üçün
əməliyyat olunmuşdu. Əməliyyat zamanı isə onun süd vəziləri xaric edilmişdi.

Source link