Ayaqqabı silməklə başladı, indi 40 ölkəyə iki milyon dollarlıq məhsul satır
Türkiyəli iş adamı, 60 yaşlı Rıfat Sarı ayaqqabı silməkdən başlayaraq 40
ölkəyə ixracata qədər uzanan uğur hekayəsi ilə diqqət çəkir.
O, Qarsdan Manisaya köçən ailəsinin dolanışığına yardım etmək üçün 10 yaşında
ayaqqabı silməyə başlayıb. İbtidai məktəbi bitirdikdən sonra ayaqqabı
fabrikində şagirdliyə başlayan,17 yaşında ayaqqabı ustası olan və karyerasını
əsgərlikdə davam etdirən Sarı hərbi xidmətdən qayıdandan sonra 1982-ci ildə iki
ortağı ilə birlikdə Üçel Ayaqqabı firmasını qurub.
O dövrdə 24 cüt kişi ayaqqabısı istehsal edən və yeni texnologiya ilə
modernləşdirilən şirkət indi gündə 1000 cüt ayaqqabı istehsal etmək gücünə
malikdir.
İlk ayaqqabı ixracını 1985-ci ildə Almaniyaya edən şirkət artıq Avropa, Yaxın
Şərq, Qafqaz və Orta Asiya başda olmaqla dünyanın 40 ölkəsinə təxminən iki
milyon dollarlıq ayaqqabı ixracı həyata keçirir.
Mənbə: “Anadolu”