“Şuşa üç ildən artıqdır ki, bərpa olunur, yenidən qurulur. O cümlədən Şuşada
bu günə kimi 20-yə yaxın tarixi abidəmiz tam bərpa edilib”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şuşa rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
Bu gün Şuşada 10-dan artıq ölkəni təmsil edən memarların, beynəlxalq
ekspertlərin iştirakı ilə “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpoziumun
keçirildiyini vurğulayan xüsusi nümayəndə qeyd edib ki, qonaqlar islam
memarlığının gözəl nümunəsi olan Şuşa şəhərinin memarlıq irsi ilə, onun
qorunub-saxlanması istiqamətində aparılan işlərlə də tanış olublar.
Qeyd edək ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, ICESCO-nun
dəstəyi ilə Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium
işə başlayıb. Simpozium Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının
mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar hazırlanan tədbirlər planı
çərçivəsində keçirilir. Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Misir, BƏƏ,
Tunis, Keniya, İordaniya, İtaliya, Mərakeş, Səudiyyə Ərəbistanı və Böyük
Britaniyadan olan 80-dən çox memar iştirak edir.