Xalq artisti Aygün Kazımova ilə tədbirlərin birində ayaqüstü görüşdük.
Həmişəki kimi, tədbirdə seçilməyi və diqqət çəkməyi bacarır.
Əhvalı yüksəkdir. Gülür, ətrafa enerji saçır. Xoş əhvalından istifadə edib bir-iki sual ünvanlayırıq.
ÇıxışYolu.Com-a yeni işlərindən danışan Kazımovanın müsahibəsini təqdim edirik:
– İnsanlar konsertdən sonra yenidən durğunluq olacağını düşünürdülər, lakin Aygün Kazımova aktiv həyatına davam edir…
– Əslində, mənim aktiv həyatım keçən ilin yanvarından başlayıb, hələ də davam edir.
– Yeni işlər var, amma deyəsən, gizlədirsiniz…
– Bəli, var. Üç gün öncə bir klipi bitirdik. Hətta çəkiliş zamanı yıxılmışam. Burnumdan zədə almışdım. Rejissora demişəm ki, necə edirsən, et, onu gizlət. Bundan başqa, ardı-arası kəsilmədən tamaşaçılarımız yeni layihələr görəcək.
– Yeni fotosessiyanız fərqli idi, yenə də insanları təəccübləndirdiniz…
– Bu, kişi imicini əks etdirən geyimlər idi. Mənə tamaşaçıların rəyi çox maraqlıdır. Dostlarım fotolarımı çox bəyəndiklərini söylədilər. Növbəti fotosessiyamız tam başqa olacaq. Klipdə görünüşüm tam başqa, o birində isə başqa cür olacaq. Gözəl xəbərlər var.
– Bu yaxınlarda “Cücələrim” layihəsi də oldu. Tamaşaçılar sizdən bunu gözləmirdi…
– Sıradan, hər kəsin görə biləcəyi bir şey mənlik deyil. Deyəndə ki bunu kim edə bilər? “Ay da, uy da, oy mama” kimi işlər mənlikdir.
– “Eurovision” təmsilçimizlə bağlı məlumatınız var? Mahnımızı bəyənmisiniz?
– Hələ mahnısını dinləməmişəm. Ancaq Ayseli tanıyıram. Vaxtımız var, müğənnini çox peşəkar şəkildə yarışmaya hazırlamaq olar. İnanıram ki, gözəl performans olacaq. Çünki Aysel istedadlı qızdır, mənim qızımla rəfiqədir. Ona uğurlar arzu edirəm. Hansısa dəstəyim lazım olsa, bilsin ki, hər zaman hazıram.
– Nə vaxtsa sizi o səhnədə görəcəyik?
– Bilirsiniz axı, “Eurovision”a qatılmaq biz sənətçilərin arzusu ilə olmur. Ona görə də, yəqin ki, mənə təklif olunsa, məmnuniyyətlə qəbul edərəm. Lakin iş orasıdır ki, elə bir təklif yoxdur (gülür).
– Hazırda səhnədə olan, öz sözünü demiş sənətçilərdən kimi “Eurovision”da görürsünüz?
– Çox adamı o səhnədə görürəm, ancaq adlarını çəkməyəcəm. Düşünürəm ki, peşəkarlar həmin müğənniləri hazırladıqdan sonra heç bir problem olmaz. Sadəcə, yaxşı hazırlaşmaq mütləqdir.