b5674b5d-bf89-445c-92f5-4d588484a776..jpg

Aynur Zurufçu: “Yaqub Zurufçunun həyat yoldaşı olmaq asan deyildi” – FOTO

Baxış sayı: 680 dəfə baxılıb.

Aynur Zurufçu: “Yaqub Zurufçunun həyat yoldaşı olmaq asan deyildi” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən Yaqub bəyi çox sevmişəm. Ona vəfa borcum var. Biri var şəxsiyyətin özünü
sevəsən, biri də var o sevginin özünü də sevəsən. Yaqub bəyə vurğunam. Bu
sözləri hər zaman deyirəm ki, onu sevmək qəhrəmanlıq deyil, o elə sevilməli
şəxsiyyətdir. Tanıdınsa mütləq sevəcəksən. Şərəf duyuram ki, onun xanımıyam”.

Bunu Moderator.az-a açıqlamasında böyük sənətkar, məşhur müğənni Yaqub
Zurufçunun həyat yoldaşı Aynur Zurufçu deyib. O daha sonra əlavə edib.

“Yaqub bəylə daha öncə birlikdə çalışdığımıza görə bir-birimizin xasiyyətini
bilirdik. Televiziyada tanış olmuşduq. Evlilik öncəsi bütün ailələrdə
anlaşılmazlıq, problemlər olur, amma bizdə bunlar yaşanmadı. Çünki 4-5 il
bərabər işləmişdik. Bilirdim ki, nəyi sevir, nəyi sevmir?! Çox həlim, mülayim
insan olmasına rəğmən kaprizləri də var idi. O kaprizlərə də tab gətirmək lazım
idi. Yaqub Zurufçunun həyat yoldaşı olmaq da asan deyildi. Düzdür, mənə kapriz
etməyib, amma iş barəsində kaprizləri var idi” deyə sənətkarın xanımı bildirib.

Aynur xanım bildirib ki, Yaqub Zurufçu heç bir dəstək olmadan dünyanın dörd
bir tərəfində musiqimizi təbliğ edib.

“Yaqub bəy bir çox ölkələrdə yaşayıb-yaratmasına baxmayaraq Azərbaycan adı
onun dilindən düşməyib. Hamı çox gözəl bilir ki, o Azərbaycan musiqisini
dünyada layiqincə təmsil edən şəxsiyyətlərdən biri olub. Bu gün bir çox
sənətkarlar dövlətimizi, musiqimizi, mədəniyyətimizi bir çox dəstəklər hesabına
təmsil edirlər, amma Yaqub bəyin zamanında bu dəstəklər yox idi. Özü də hər
zaman vurğulayırdı ki, “mən bu işləri tək, boş əllə görürəm”.

Həyat yoldaşının yoxluğu ilə hələ də qəbullanmayan Aynur Zurufçu təkliyini bu
sözlərlə ifadə edib.

“Reallıqla bəzən barışmaq istəmirsən. Arxaya çönüb baxırsan ki, bir övladın
var, Yaqub Zurufçu irsi var, bu zaman ayaqda durmaq məcburiyyətində olursan. Bu
gün də onsuz yaşamaq mənə çətindir. Təsəllim Atilladır. Bəzən Yaqub bəylə bu
haqda söhbətlərimiz olurdu, o mənə deyirdi ki, “sən dözümlüsən, bilirəm ki, sən
mənsiz də davam edəcəksən”. Mən bu həyatı yaşamağa, bu cür davam etməyə
məcburam. Atillada çalışıram ki, o işıqı tapa bilim. Zənn edim ki, sanki Yaqub
Zurufçu qarşımdadır. Halbuki Yaqub bəy unikal bir şəxsiyyətdir. Mən onun
övladlarını belə özünə bənzətmirəm” deyə sənətkarın xanımı bildirib.

Source link