Ayxan Hacızadə: “Borrelin növbəti dəfə yanlış və reallığın ciddi təhrif
olunduğu fikirləri qəbuledilməzdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Avropa İttifaqı rəsmisinin növbəti dəfə yanlış və reallığın ciddi şəkildə
təhrif olunduğu fikirləri qəbuledilməzdir”.
Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa
İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Aİ
Komissiyasının vitse-prezidenti Jozep Borrel tərəfindən səslənmiş fikirlərlə
bağlı yerli mətbuatın sualına cavabında deyib.
“Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrelin Azərbaycana qarşı əsas
təhdid mənbəyi olan və antiterror tədbirlərini şərtləndirən Ermənistan silahlı
qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu məsələsinə laqeyd
yanaşması ölkəmizə qarşı açıq qərəzin nümunəsidir.
Uzun müddət təmsil etdiyi ölkənin separatçılığın qurbanı olduğunu diqqətə
alaraq, Jozep Borrelin separatçı meyilləri dəstəkləyən bu kimi bəyanatları
təəccüb doğurur.
Beynəlxalq təşkilatların qiymətləndirmələrinin əksinə, bölgədən Ermənistana və
digər ölkələrə miqrasiya etmiş erməni sakinlərin güclə qovulduğunun iddia
olunması və onların sayının qəsdən şişirdilməsi yanlış olmaqla yanaşı,
təhlükəli tendensiyadan xəbər verir. Bu, həmçinin Ermənistanın etnik təmizləmə
və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqqları
müdafiə olunmamış yüzminlərlə azərbaycanlının hüquqlarına hörmətsizlikdir.
Aİ tərəfinə məlumdur ki, bu ərazidən gedən ermənilərin 15 000 nəfəri
Ermənistan ordusunun heyət üzvləri idi. Bununla yanaşı, Ermənistan tərəfindən
ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Jozep
Borrelin 150 min nəfərdən bəhs etməsi ciddi anlaşmazlıq yaradır.
Jozep Borrelin bu kimi yanlış bəyanatları eyni zamanda, Aİ-nin vasitəçilik
səylərinə və Aİ Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdə missiyasına
xələl gətirir.
Aİ nümayəndəsinə, həmçinin xatırlatmaq istərdik ki, məhz Azərbaycan və dinc
sakinlərimizə qarşı Ermənistan tərəfindən güc tətbiq olunması bölgədə
münaqişənin 30 il davam etməsinin səbəbi olub. Məhz Azərbaycan beynəlxalq
hüququn norma və prinsipləri nəticəsində özünümüdafiə hüququndan istidafə
edərək legitim tədbirlər görüb və hərbi-siyasi yolla münaqişəni həll edib.
Bir daha, Aİ nümayəndəsini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son
qoymağa çağırırıq”, – o bildirib.