Ayxan Hacızadə Fransanın mədəniyyət nazirinin Ermənistanda səsləndirdiyi
fikirlərə münasibət bildirib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə
Fransanın mədəniyyət naziri Rima Əbdül Mələkin Ermənistanda səsləndirdiyi
fikirlərə münasibət bildirib.
Cixisyolu.com xəbər verir ki, XİN-in sözçüsü bununla əlaqədar sualı cavablandırıb.
“Fransa Respublikasının mədəniyyət naziri Rima Əbdül Mələk Ermənistana səfəri
zamanı Qarabağ bölgəsindəki tarixi və mədəni abidələrin təhlükə altına düşməsi
ilə bağlı iddialar qaldırıb və onları qorumaq üçün müxtəlif mexanizmlərin
yaradılmasına çağırış edib. Bu fikirləri necə şərh edərdiniz?” – sualına cavab
olaraq A.Hacızadə bildirib ki, sözügedən səfər və Azərbaycanın Qarabağ
bölgəsində mədəni irslə bağlı iddialar Fransa tərəfinin növbəti zəifliyi və
qərəzinin nümunəsidir:
“Azərbaycan öz ərazilərindəki bütün mədəni və tarixi abidələrin mühafizəsinin
vacibliyini və bu xüsusda, öhdəliklərini çox gözəl dərk edir. Fransanın başqa
xalqlara məxsus tarixi və mədəniyyət sərvətlərini müsadirə etmiş ölkə kimi belə
iddialar qaldırmağa heç bir mənəvi haqqı yoxdur. Azərbaycanın antiterror
tədbirlərindən sonra mədəniyyət və tarixi abidələrin təhlükə altında olması ilə
bağlı iddialar əsassızdır və bu, BMT-nin regiona reallaşdırılan iki missiyası
tərəfindən də təsdiqlənib. Təəssüflər olsun ki, Fransa nə keçmiş
Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi kimi, nə də UNESCO çərçivəsində
nüfuzlu ölkə kimi heç vaxt Ermənistan tərəfindən istər Azərbaycan, istərsə də
Ermənistan ərazilərində mövcud tarixi, mədəni və dini abidələrin tamamilə
dağıdılmasından narahatlığını ifadə etməyib”.
A.Hacızadənin sözlərinə görə, məhz Azərbaycan 30 ilə yaxındır ki, Azərbaycanın
keçmiş işğal olunmuş ərazilərində və Ermənistanda mədəni irsimizin qəsdən
dağıdılması, mənimsənilməsi, dəyişdirilməsi, habelə qanunsuz başqa yerə
aparılması ilə bağlı qiymətləndirmə missiyalarının reallaşdırılması çağırışları
ilə beynəlxalq təşkilatlara israrla müraciət edib:
“Təəssüf ki, bu Ermənistan tərəfinin əngəlləri nəticəsində mümkün olmayıb.
UNESCO-nun özü də 2005-ci il hesabatında bu faktı təsdiqləyib. Azərbaycan
Respublikasının ərazisində yerləşən mədəni irs mənşəyindən, dünyəvi və ya dini
mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın dəyər verdiyi və qoruduğu
Azərbaycan xalqının mədəni müxtəlifliyini təcəssüm etdirir. Bir daha, Fransa
tərəfini Azərbaycanın daxili işlərinə qarışmamağa və bu cür təxribat xarakterli
bəyanatlara son qoymağa çağırırıq”.