-84 kq çəki dərəcəsində döyüşən karateçimiz Ayxan Mamayev bu ay Serbiyanın Novi Sad şəhərində keçirilmiş Avropa çempionatında bu idmanda nadir görünən haqsızlıqla üzləşib.
O, bu barədə ÇıxışYolu.Com-a açıqlamasında belə bir halla ilk dəfə rastlaşdığını bildirib:
“1/4 finalda italiyalı karateçiyə 1:2 hesabı ilə uduzurdum. Sona iki saniyə qalmış iki zərbə endirdim. Videotəkrara baxıldıqdan sonra mənə üç xal verildi və 4:2 hesabı ilə qalib elan edildim. Bundan 15 dəqiqə sonra yarımfinal döyüşünə çıxdım.
Portuqaliyalı rəqibimə görüşün bitməsinə 45 saniyə qalmış 2:0 qalib gəldiyim vaxt döyüşü saxladılar. Dedilər ki, ötən görüşümdə səhv qərar olub, italiyalı karateçi qalib gəlib. Amma heç kim bilmədi ki, niyə belə edilir.
Normalda qərardan şikayət etmək üçün bir dəqiqə, protest yazılması üçün dörd dəqiqə vaxt verilir. Amma həmin müddətin üstündən 15-20 dəqiqə keçməsinə baxmayaraq, onların protesti niyə qəbul edildi, heç başa düşmədik.
Hakimlər bildirdi ki, yarımfinalda mənim yerimə italiyalı döyüşməlidir. Düzdür, sonra həmin italyan karateçi Avropa çempionu oldu. Amma ortada mənim finalım əldən getdi. İlk dəfə idi ki, belə bir şey görürdük. Biz də bu qərardan şikayət etmək istədik. Ancaq protest vermək müddətindən artıq xeyli vaxt keçmişdi deyə, bu, qəbul olunmadı.
İkinci dəfədir ki, italyanlarla döyüşdə haqsızlığa məruz qalıram. 2015-ci ildə İstanbulda keçirilmiş Avropa çempionatının finalında da italyan karateçi (Nello Maestri) ilə görüşürdüm. Onda rəqibin zərbəsi əlimə dəysə də, hakimlər bunu iki xal kimi dəyərləndirdi və 1:2 hesabı ilə məğlub oldum. Hakimlər mafiyası İtaliyada çoxdur. Ümumiyyətlə, karatedə hakimlərin çoxu İtaliya və Fransadandır”.
Avropa çempionumuz (komanda şəklində), Avropa Oyunlarının və İslam Həmrəylik Oyunlarının (üç dəfə) qalibi bürünc medal uğrunda döyüşdə də haqsızlıqla üzləşdiyini vurğulayıb:
“Bürünc medal uğrunda görüşdə son saniyədə portuqaliyalı idmançıya zərbə vurdum. Amma heç bir hakim bayraq qaldırmadı. Videotəkrar bütün zalda göstərildi. Qərarı bütün zal fitlə qarşıladı. Görünür, qismətimdə bu yarışdan medalsız qayıtmaq varmış”.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com