Azər Məmmədov: “Çətin olsa da, bu gedişatla “Kəpəz” Premyer Liqada qalacaq” –
MÜSAHİBƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Çətin olsa da, bu gedişatla “Kəpəz” Premyer Liqada qalacaq”.
Bunu “Səbail” futbol klubuna köməkçi məşqçi təyin olunan Azər Məmmədov
AZƏRTAC-ın suallarını cavablandırarkən deyib.
Həmin müsahibəni təqdim edirik:
– Yenidən “Səbail” klubuna qayıtdınız. Təəssüratınız maraqlıdır…
– İdman elə bir sahədir ki, bu gün buradasan, sabah başqa yerdə. “Səbail” də
mənim üçün doğmadır. Ötən mövsüm Şahin Diniyevin köməkçisi idim. Bu mövsümün
əvvəlində “Kəpəz”ə baş məşqi olaraq getmişdim. Həqiqətən “sarı-göylər”də
işləmək böyük təcrübə oldu.
– “Kəpəz” klubundakı işinizi necə qiymətləndirirsiniz?
– O klubda işləmək mənim üçün uğurlu oldu. Böyük təcrübə topladım. Əlbəttə ki,
oradan ayrılandan sonra təkliflər olacaqdı. Bu da mənə doğma olan “Səbail”dən
gəldi.
– “Kəpəz” klubundan ayrılıqdan sonra başqa yerlərdən təkliflər var idi? Hətta
deyilirdi ki, siz Gəncə təmsilçisinin idman direktoru da təyin oluna
bilərsiniz. Bəs bu keçid niyə baş tutmadı?
– Düzünü desəm, “Kəpəz”dən ayrıldıqdan sonra təkliflər yox idi. Sadəcə, İlqar
Nadiri mənə dedi ki, sənin klubdan ayrılmağını istəmirəm və idman direktoru
vəzifəsində işləməyini istəyirəm. Buna görə ona təşəkkür edirəm. Ancaq özümü
futbol sahəsində yalnız məşqçi kimi gördüyüm üçün bu təklifdən imtina etdim.
– “Kəpəz”də birlikdə işlədiyiniz futbolçulardan hansınısa “Səbail”ə gətirmək
niyyətiniz varmı?
– “Kəpəz”də yaxşı futbolçular var. Bir çox oyunçuları komandaya mən
gətirmişdim. Ancaq transfer məsələləri ilə baş məşqçi Şahin Diniyev və skaut
qrupu maraqlanır. Əgər istəsələr və həmin futbolçunun müqaviləsi bitmiş olarsa,
sevə-sevə danışıq apararam.
– Geridə qalan ili özünüz üçün necə dəyərləndirirsiniz?
– Mən hər zaman səmimi danışmışam. Hər il mənim üçün uğurlu keçir. Əgər hansı
yerdəsə uğursuzluq yaşamışamsa, bu da xeyrimə olan məqam olub. İnanıram ki,
2024-cü ildə də hədəflərimə çatacağam.
– “Kəpəz”in baş məşqçisi postuna sizin əvəzinizə təyin olunan Adil Şükürovun
qısa zamandakı işini necə qiymətləndirirsiniz?
– Adil Şükürov Premyer Liqa təcrübəsi keçmiş baş məşqçidir. Bilirsiniz ki,
“Kəpəz”də maliyyə problemləri var. Buna görə də orada işləmək çətindir. Ancaq
qısa zaman olsa da, “sarı-göylər” çempionatda yaxşı göstəricilər nümayiş
etdiriblər. Ölkə kubokundakı “Sabah”la matçda sonadək mübarizə apardılar. Lakin
şans qarşı tərəfdə olduğu üçün mərhələni keçdilər. Həmçinin də artıq “Kəpəz”in
heyəti tam olaraq komplektləşib. Mənim vaxtımda bəzi oyunçular komandaya gec
qoşulmuşdu və bu da fiziki hazırlığın tam səviyyədə olmamasına gətirib
çıxarırdı. Çətin olsa da, bu gedişatla komanda Premyer Liqada qalacaq.