İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 18 260 nəfər artaraq, 2018-ci il aprel ayının 1-i vəziyyətinə 9 916 345 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən ÇıxışYolu.Com-a verilən məlumata görə, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub.
Əhalinin 52,9%-i şəhər yerlərində, 47,1%-i kənd yerlərində məskunlaşıb, 49,9%-ni kişilər, 50,1%-ni isə qadınlar təşkil edir.
Bu ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 954 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib.
Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1% təşkil edərək, hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir.
Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.