dd6d0486-071f-4aec-91ff-af73042f1cc5..jpg

Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib

Baxış sayı: 568 dəfə baxılıb.

Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM)
Yüksək Vəzifəli Şəxslər Komitəsinin 14 mart tarixli iclasında verilmiş
tövsiyəyə uyğun olaraq, AQEM Xarici İşlər Nazirləri Şurasının 19 mart 2024-cü
il tarixli qərarı ilə Azərbaycan 2024-2026-cı illər üzrə AQEM sədri seçilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Bildirilib ki, qərara əsasən, sədrliyimiz çərçivəsində ölkəmizin 2024-cü ildə
AQEM Xarici İşlər Nazirləri Şurasına, 2026-cı ildə isə AQEM Dövlət və Hökumət
Başçılarının Şurasına (Sammit) ev sahibliyi etməsi nəzərdə tutulub.

Qeyd edək ki, AQEM-in çağırılması haqqında təşəbbüs ilk dəfə 5 oktyabr 1992-ci
il tarixində Qazaxıstan tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyası
zamanı irəli sürülüb. Təşəbbüsün məqsədi, Asiyada təhlükəsizliyin təmin
olunması üzrə effektiv və universal təşkilat yaradılmasıdır.

Azərbaycan AQEM çərçivəsində əməkdaşlıqda fəal iştirak edir. Ölkəmiz
“Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi” sahəsində
etimad-quruculuğu tədbirinin əlaqələndiricisi funksiyasını yerinə yetirməkdədir.

AQEM-in fəaliyyətini tənzimləyən əsas sənədlər 1999-cu ildə qəbul edilmiş
“AQEM üzv dövlətləri arasında münasibətlərin rəhbəredici prinsipləri haqqında
Bəyannamə” və 2002-ci ildə qəbul edilmiş Almatı Aktıdır. Müşavirənin 2022-ci
ildə keçirilmiş Astana Sammitində AQEM-in tamhüquqlu regional beynəlxalq
təşkilata transformasiyası ilə bağlı prosesə start verən “AQEM-in
Transformasiyasına dair Astana Bəyanatı” qəbul edilib.

Hazırda təşkilatın 28 üzvü vardır. Bundan əlavə, 10 ölkə, həmçinin BMT, ATƏT,
Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, Türk PA kimi beynəlxalq
təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər.

AQEM-in inzibati orqanı Astana şəhərində yerləşən və Müşavirənin gündəlik
fəaliyyətini əlaqələndirən Katiblikdir. AQEM-in fəaliyyətinin
istiqamətləndirilməsi və prioritetlərinin müəyyənləşdirilməsi sədr ölkə
tərəfindən həyata keçirilir.

Source link