bb161077-c936-4ac6-8633-f26c8090f473..jpg

Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası keçirilib – FOTO

Baxış sayı: 1. 062 dəfə baxılıb.

Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclası keçirilib –
FOTO

Almaniyanın paytaxtı Berlində Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar
üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 9-cu iclası keçirilib.

Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, iclasa Azərbaycan tərəfdən iqtisadiyyat nazirinin müavini
Sahib Məmmədov, Almaniya tərəfindən isə Federal İqtisadiyyat və İqlim
Mühafizəsi Nazirliyinin ticarət üzrə direktoru Dominik Şnixels həmsədrlik
ediblər.

Tədbirdə Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin
gücləndirilməsi, ölkəmizdə yaradılan sənaye parklarında, Ələt Azad İqtisadi
Zonasında Almaniya şirkətlərinin iştirakı imkanları, alternativ enerji,
nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsinin
genişləndirilməsi barədə müzakirə aparılıb.

İclasda qlobal iqtisadiyyatın çətin sınaqlardan keçdiyi şəraitdə Azərbaycan
iqtisadiyyatının davamlı inkişafı istiqamətində həyata keçirilən struktur və
institusional islahatlar, 2030-cu ilədək hədəflər barədə məlumat verilib,
görülən işlərin ölkəmizin investisiya cəlbediciliyini artırdığı diqqətə
çatdırılıb. Vurğulanıb ki, Azərbaycan və Almaniya arasında ticarət,
investisiya, sahibkarlıq, nəqliyyat, sənaye, insan resursları sahəsində
əlaqələrin möhkəmlənməsi və yeni istiqamətlərdə tərəfdaşlıqların qurulması üçün
böyük potensial var. İclasda işğaldan azad olunmuş Azərbaycan ərazilərində
biznes imkanları da diqqətə çatdırılıb, Almaniya şirkətləri infrastruktur və
investisiya layihələrində iştiraka dəvət olunub.

Federal İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin ticarət üzrə direktoru
Dominik Şnixels Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun 9-cu iclası
çərçivəsində müzakirə edilən məsələlərin ikitərəfli iqtisadi-ticarət
əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib, iqtisadi əməkdaşlığın
genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.

Almaniyaya səfər çərçivəsində Berlində Almaniya-Azərbaycan “Menecerlərin
ixtisasının artırılması“ proqramının Müşahidə Şurasının 3-cü iclası keçirilib,
proqram çərçivəsində görülən işlər barədə fikir mübadiləsi aparılıb. İclasda
2009-cu ildən uğurla həyata keçirilən Almaniya-Azərbaycan “Menecerlərin
ixtisasının artırılması“ proqramının Azərbaycan sahibkarlarına inkişaf üçün
əlavə imkanlar açdığı vurğulanaraq, 500-dən çox sahibkar və menecerin
proqramdan yararlandığı diqqətə çatdırılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti “Adlershof” Texnologiya Parkı
ilə tanış olub.

Source link