5b0df85d-5c56-42c5-b3a9-515e259a8a60..jpg

Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən cızır – ŞƏRH

Baxış sayı: 708 dəfə baxılıb.

Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən cızır – ŞƏRH

Dünyada yaranan yeni reallıqlar fonunda enerji təminatı, alternativ mənbələrə
çıxış, bu sahədə uzunmüddətli etibarlı tərəfdaşlıq əlaqələrinin qurulması kimi
hədəflər strateji mahiyyət daşıyan prioritet istiqamətlər elan edilib. Ukrayna
müharibəsi başlayandan bəri Rusiya ilə münasibətləri kəskin şəkildə pisləşən
Avropa üçün isə sadaladıqlarımız həyati əhəmiyyət daşıyır. Üzləşdiyi
çətinliklərin həllində Avropanın üz tutduğu ilk ünvan isə yenə də Azərbaycandır.

Azərbaycan mövcud imkanları və potensialı çərçivəsində Avropanın bir sıra
ölkələrinin mavi yanacaqla fasiləsiz və etibarlı təmin edilməsi istiqamətində
ardıcıl addımlar atır. Son olaraq aprelin 25-də Sofiyada “Bulgartransgaz”
(Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya)
və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında Anlaşma
Memorandumu” imzalandı. Mərasimdə Prezident İlham Əliyev də iştirak etdi.
Anlaşma memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü
sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir.
Əlavə qaz tədarükü “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya,
Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri
vasitəsilə həyata keçiriləcək.

Azərbaycan Avropanın enerji bazarına çıxış üçün hər zaman reallaşdırılması
sadəcə xəyal olan, ancaq sonda Prezident İlham Əliyevin gərgin əməyi ilə həyata
keçirilən meqalayihələrin əsas müəllifi olub. Məhz bu siyasət nəticəsində
2018-ci ildə TANAP, ardınca isə TAP layihələri yekunlaşdırıldı. Ötən ilin iyul
ayında Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji
Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Altı ay əvvəl isə İlham
Əliyevin iştirakı ilə Bolqarıstan və Yunanıstan qaz şəbəkələrini birləşdirən
interkonnektor istifadəyə verilməsi mərasimi keçirildi. İndi isə Prezident
İlham Əliyevin enerji siyasətinin yeni səhifəsi olan “Həmrəylik Halqası”na
start verilməsi məhz bu konsepsiya ilə üst-üstə düşür.

Statistik rəqəmlər də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin
təminində artan roluna işarə edir. Aİ ilə imzalanan memoranduma əsasən, ölkəmiz
2027-ci ilə qədər Avropa bazarına ixrac etdiyi qazın həcmini iki dəfə
artırmalıdır. 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac
edib. Bu il hədəf 12 milyard kubmetrdir. Həmin həcm bu il üçün
planlaşdırdığımız 24,5 milyard kubmetr səviyyəsində ümumi qaz ixracımızın
təxminən yarısını təşkil edəcək. Lakin Bakı bu hədəflərlə də kifayətlənmək
fikrində deyil. Planda mövcud qaz yataqlarında hasilatın artırılması, gələn
illərdə isə yeni yataqlarda təbii qaz istehsalını həyata keçirmək var.
Azərbaycan qazının ixrac coğrafiyasına fikir versək görərik ki, bu gün mavi
yanacağımız Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya
çatdırılır. Bu siyahıya Rumıniya da əlavə edilib. Əgər texniki imkanlar
genişləndirilərsə, bu ilin sonundan etibarən Macarıstan və Slovakiyaya da qaz
təchizatına başlamaq qarşıya qoyulan hədəflər sırasındadır.

Qeyd olunanlar bir daha göstərir ki, enerji sahəsində etibarlı tərəfdaş kimi
Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə birmənalı
olaraq hazırdır. Azərbaycanın bu sahədə Avropa üçün mövcud və gələcək statusu
Aİ rəsmiləri tərəfindən də xüsusi vurğulanır.

Sofiyadakı imzalanma mərasimində çıxış edən Aİ-nin energetika məsələləri üzrə
komissarı Kadri Simsonun ölkəmiz haqqında səsləndirdiyi fikirlərə diqqət
yetirək: “Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu sübuta
yetirdi. Bu qış enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün
Azərbaycan tərəfindən təchiz olunan enerji təchizatı həlledici oldu. Komissiya
Xəzər dənizindən təbii qazın Mərkəzi və Şərqi Avropaya çatdırılması üçün
alternativ marşrutların təmin edilməsi üçün əlavə səyləri dəstəkləyir”.

Beləliklə, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan nəinki
Avropanın, bütövlükdə Avrasiyanın enerji xəritəsini yenidən cızır.

Source link