Azərbaycan “Avroliqa”dan 50 milyon dollar gəlir götürə bilər

Baxış sayı: 2. 376 dəfə baxılıb.

Bakıda UEFA Avropa Liqasının finalının keçirilməsinə sayılı günlər qalıb. Möhtəşəm final oyunu ilə bağlı şəhərdə də hazırlıq işləri aparılır.

“Avroliqa” ərəfəsində Azərbaycana çox sayda turistin gəlməsi gözlənilir.

Bəs hazırlıqlar nə yerdədir? Turistlərin sayı təxminən nə qədər olacaq, Azərbaycan hansı məbləğdə gəlir əldə edəcək?

ÇıxışYolu.Com-ın əməkdaşı mövzu ilə bağlı aidiyyəti qurumlara müraciət edib.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə saytımıza verdiyi açıqlamada bildirib ki, təmsil etdiyi qurum turist axını ilə bağlı digər dövlət orqanları ilə birlikdə sistemli iş aparır. Bu iş isə üç hissədən ibarətdir:

Azərbaycan “Avroliqa”dan 50 milyon dollar gəlir götürə bilər

“Hazırda marketinq, media ilə işlər qaydasına salınır.

“Euronews”, “CNN” televiziya kanallarına Azərbaycanla bağlı tanıtım çarxları verilir. Həmçinin, İngiltərənin tanınan mətbu orqanlarında Azərbaycanın qonaqpərvərliyi, təhlükəsiz ölkə olması  barədə yazılar dərc edilib.

İkinci bir mərhələ isə Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqların qarşılanması, məlumat köşklərinin, bələdçilərin olması və “BakıKart” (“BakuCard”) barədə məlumat verilməsidir.

Final günü və daha sonra turistlərlə işləyən qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər. Şəhərdə xüsusi köşklər yaradılacaq ki, bu vasitə ilə oyuna gələn azarkeşlər, könüllülər məlumatlandırılacaq. Həmçinin, stadionda Azərbaycanın tarixi, turizm imkanlarının təbliğatı ilə bağlı tədbirlər olacaq”.

Agentlik rəsmisi bildirib ki, oyunları izləmək üçün Azərbaycana 40 mindən çox adam gələcək:

“AZAL və AFFA ilə sıx əməkdaşlıq edəcəyik. Əminliklə deyə bilərik ki, Azərbaycanın bura gələn azarkeşləri qəbul etmək imkanı var”.

“Ölkəmizə gələnlər aktiv həyat tərzi keçirən insanlardır. Onların öz mədəniyyətləri var. Burada iki – yerli əhalinin turistləri qəbul etməsi və turistlərin yerli əhaliyə qarşı xoş münasibəti məsələsi var. Futbol fanatları çılğın olurlar. Bu gözləntiləri başa düşərək müəyyən hazırlıqlar aparılır”, – deyə Kənan Quluzadə qeyd edib. 

Turizm Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov bildirib ki, artıq hotellər bron edilib:

Azərbaycan “Avroliqa”dan 50 milyon dollar gəlir götürə bilər

“Demək olar ki, mayın 28-30-da Bakı şəhərində yerləşən hotellərdə yer tapmaq qeyri-mümkündür.

Dünya praktikasında elədir ki, futbolu başqa şəhərdə izləmək üçün sıravi adam gələ bilmir. Çünki hotelin qiyməti 3-4 dəfə baha olur. Bura gələn azarkeşlər orta və daha yüksək təbəqədir. Möhtəşəm bir gün bizi gözləyir”.

Nahid Bağırov qeyd edib ki, turistlərin gəlişindən yüksək gəlir əldə etmək mümkün olacaq:

“Aviabilet, qalmaq daxil olmaqla, bu səfər bir turistə minimum 1000 dollara başa gələcək. Bu rəqəmi ölkəmizə gələn turist sayına vurduqda gəlirlərin xeyli olacağını demək olar. Nəzərə almaq lazımdır ki, bu turistlər futbol fanatıdırlar və çılğındırlar. Onlar kədərlənə və sevinə bilərlər. Onlara qarşı tolerant olmaq tövsiyə edilir”.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi isə bildirib ki, UEFA Avropa Liqasının Bakıda keçirilməsi turizmin inkişafı üçün xüsusi önəm daşıyır:

Azərbaycan “Avroliqa”dan 50 milyon dollar gəlir götürə bilər

“Biz bu cür yarışlarla ölkəmizin turizm potensialını dünyaya çatdıra biləcəyik və onlar daha dolğun məlumat əldə edəcəklər. Proqnozlarımıza görə, oyunlarla bağlı Bakıya 45-50 min turist gələcək”.

“Bu cür yarışlar burada keçirilən zaman onlar üçün xüsusi turizm paketləri təklif edilməlidir ki, daha çox turist gələ bilsin. Bu paketlər yalnız Bakı deyil, regionlar üçün də hazırlanmalıdır.

Belə yarışlar Azərbaycan üçün xüsusi önəm daşıyır və ölkəmizi dünyada tanıtmaq üçün turizmin inkişafına müsbət təsir göstərir. Bu cür yarışların sayının çox olması arzuolunandır və istərdik ki, yarışların sayı ildən-ilə artsın”, – deyə sədr qeyd edib. 

Samir Dübəndi bildirib ki, baha olan hotellərdə bronlar daha çoxdur:

“Bəzilərində bron 100 faizə çatıb. Qalan kiçik və orta müəssisələrdə 70 faizdir. Qeyd etmək lazımdır ki, futbol azarkeşləri yarış zamanı rəqib komanda ilə ciddi rəqabət aparırlar. Müxtəlif oyunlar zamanı toqquşmalar olur, xüsusilə pivədən, spirtli içkilərdən istifadə edirlər.

Bunu nəzərə alaraq, dövlət qurumları əhali üçün birlikdə məlumat yaymalıdır ki, onlar azarkeşlərin davranışlarından agah olsun”.

İlhamə Əbülfət