Azərbaycan Avropa Mini Futbol Federasiyasının üzvü oldu

Azərbaycan Avropa Mini Futbol Federasiyasının üzvü oldu

Baxış sayı: 9. 040 dəfə baxılıb.

23-24 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə Avropa Mini Futbol Federasiyasının (AMF) Baş Assambleyası keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, bu yığıncaqda ötən ilin sentyabrında təsis olunmuş Azərbaycan Mini Futbol Assosiasiyasının (AMFA) sədri Elxan Əsədov və AMFA-nın baş katibi Azər Hüseynov iştirak edib.

İclasda AMFA rəhbərliyi bu idman növünün Azərbaycanda inkişafının həlli yollarını və bu yöndə öz strateji baxışlarını təqdim edib. AMFA rəsmiləri mini futbolun inkişafında “Bakcell” və “Azfar Qrup” kimi çox güclü kommersiya tərəfdaşlarının olduğunu vurğulayıb.

Qeyd olunub ki, Azərbaycanda mini futbolun inkişafı üçün həvəskarlar arasında çempionat – Alfa Liqa keçiriləcək. 

Bundan sonra səsvermə keçirilib. Səsvermə nəticəsində Azərbaycan, eləcə də, Belçika və İsveçrənin müvafiq qurumları AMF-in üzvlüyünə qəbul edilib. Həmçinin iclasda AMF tərəfindən tələb olunan şərtlər yerinə yetirilmədiyi üçün Ermənistanın bu quruma üzvlüyünə xitam verilib.

Sözügedən tədbir barədə AMFA-nın baş katibi Azər Hüseynov ÇıxışYolu.Com-a fikirlərini bildirib:

Bu yığıncaq ildə iki dəfə keçirilir. Budəfəki toplantıda 30-dan çox ölkənin nümayəndəsi iştirak edirdi. Burada bir sıra məsələlər müzakirə olundu və səsə qoyuldu. Bunların arasında Azərbaycan Mini Futbol Assosiasiyasının üzvlüyü də müzakirə olundu. Təqdim etdiyimiz meyarlar tələb olunan şərtlərə cavab verdiyindən, üzvlüyə qəbul olunan üç ölkədən biri olduq.

Hüseynov onu da qeyd edib ki, Avropa Mini Futbol Federasiyası öz fəaliyyətini genişləndirmək istəyir: 

AMF artıq kişilərlə kifayətlənməyərək bu idman növünü qadınlar, eləcə də, biznes subyektləri arasında keçirməkdə maraqlıdırlar. Bildiyiniz kimi, biz artıq bu yöndə Azfar Biznes Liqası keçiririk. Avropa Mini Futbol Federasiyası həmçinin bu idman növünü bəlli kateqoriyalar üzrə, məsələn, U-19 və U-21 yaş kateqoriyalarına aid komandalar üzrə inkişaf etdirmək istəyir.  

Qeyd edək ki, AMFA-nın AMF-ə üzvlüyündən sonra bu ilin 12-18 avqust tarixlərində Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa çempionatında Azərbaycan mini futbol üzrə millisinin, eləcə də, Alfa Liqanın qalibi olacaq komandanın 5-9 sentyabr 2018-ci ildə Sloveniyada təşkil olunacaq Çempionlar Liqasında iştirak edəcəyi dəqiqləşib. Bu layihələr “Bakcell” şirkətinin baş sponsorluğu altında həyata keçiriləcək. 

Xatırladaq ki, “Azfar Qrup” Azərbaycanda 2008-ci ildə təsis edilib. Bu şirkət tam infrastruktura malik həvəskar və peşəkar futbol meydançalarının tikintisi və idarə edilməsi üzrə ixtisaslaşıb. Şirkətin 30-dan çox sayda meydançaları mövcuddur. “Azfar Qrup” ötən ildən Azərbaycanda şirkətlər arasında keçirilən Azfar Biznes Liqası kimi layihəyə imza atıb.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com