cd525215-a225-4a1a-ab3f-eb3c21c0cf2a..jpg

Azərbaycan Avropa Şurasına iki istiqamətdə cavab verə bilər – TƏHLİL

Baxış sayı: 702 dəfə baxılıb.

Azərbaycan Avropa Şurasına iki istiqamətdə cavab verə bilər – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin
etimadnaməsini təsdiqləməmək barədə məsələ qaldırılıb.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin
məhdudlaşdırılması ilə bağlı təşəbbüs almaniyalı deputat Frank Şvabedən gəlib.

AŞPA-da gündəliyə çıxarılan bu məsələ Qərb siyasi arenasının Avropa cinahında
Azərbaycana qarşı total hücumun davamıdır.

Görünür ki, Fransanın, Almaniyanın əlində oyuncağa çevrilən Avropa Şurası və
onun Parlament Assambleyası Azərbaycanın yeni reallıqlar yarada bilmək
bacarıqlarının ardının gələcəyindən çəkinirlər.

Hərçənd ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması prosesində
irəli sürdüyü şərt və tələbləri regional təhlükəsizlik naminə sülh variantı
kimi nəzərdən keçirir.

Ermənistanın sülh modelində isə konkretlik və dəqiqlik yoxdur, İrəvan hələ də
regiondakı reallıqları kənar güclər hesabına dəyişdirə bilmək istiqamətindən
çəkinən iradəni nümayiş etdirmir. Bununla belə, Azərbaycanla Ermənistanın
ikitərəfli formatda görüş və sülh gündəliyinin aspektlərini müzakirə etmək üçün
qrafik, cədvəl hazırlamaları diqqət çəkir. İkitərəfli qaydada razılıqlar isə
təbii ki, regionda ambisiyaları olan qüvvələr üçün qəbuledilməzdir, çünki
onların problemləri “həll etməyə” yönələn iradəsi sınır.

Hələ buraya Azərbaycanın Ermənistana qəbul etdirmək istədiyi perspektiv
şərtləri də əlavə etsək, vəziyyətin Avropa təsisatlarına ağrı verməsini
təsəvvür etmək çətin olmamalıdır.

Azərbaycana qarşı qüvvə kimi çıxış edən AŞPA Fransa və Almaniya ilə yanaşı,
Cənubi Qafqazda Rusiya ilə rəqabət arenasına girən ABŞ-nin də tezislərini
inkişaf etdirir. Bu mənada AŞPA ABŞ-nin, Fransanın, Almaniyanın proksi qüvvəsi
kimi meydana çıxaraq müxtəlif bəhanələri əlində bayraq edir. O, Azərbaycanın
maraqlarına zidd bəyanatların müəllifinə çevrilir və qərarların qəbuluna nail
olmağa çalışır.

Belə olan təqdirdə, Azərbaycan Qərbdə ona qarşı hərəkətlənən kolona qarşı
cavab olaraq:

– Avropa Şurasındakı fəaliyyətini dayandıra bilər. Çünki Avropa Şurası
Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində konstruktiv rol
oynamaqdansa pozuculuq fəaliyyəti ilə məşğul olur;

– Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasından çıxmağı gündəmə gətirə
bilər.

Hələlik isə Azərbaycan təmkin nümayiş etdirir və diplomatik səylərlə Qərbdəki
dairələrin məntiqini redaktə etməyə çalışır. Bu nəticə verməsə və Avropa Şurası
Azərbaycan əleyhinə fəaliyyətini sürətləndirsə, Bakı qeyd edilən adekvat
addımları atmaq hüququnu özündə saxlayır.

Aqşin Kərimov

Source link