7632db1e-f18c-42aa-b43e-d7b4025910cb..jpg

Azərbaycan banklarının “kredit səxavəti” – bu, hansı risklər daşıyır? – FOTO

Baxış sayı: 1. 054 dəfə baxılıb.

Azərbaycan banklarının “kredit səxavəti” – bu, hansı risklər daşıyır? – FOTO

Azərbaycan bankları manatın 2015-ci ildəki ikili devalvasiyasından əvvəl
olduğu kimi yenidən aqressiv kreditləşməyə keçiblər.

Kredit təşkilatları tarixçəsi müsbət olan vətəndaşlara tez-tez SMS göndərərək
onlara zaminsiz, girovsuz, təkcə şəxsiyyət vəsiqəsi ilə on minlərlə manat borc
təklif edirlər.

Özü də bəzi banklar vətəndaşların aylıq gəlirlərini və kredit ödənişlərini
nəzərə almadan onların borc yükünü artırmağa hazırdır. Bu isə istər-istəməz
narahatlıq doğurur. ”Report” bankların “kredit səxavəti”nin yaratdığı riskləri
iqtisadçı-ekspertlərlə müzakirə edib.

Onlardan biri Rəşad Həsənov hesab edir ki, bankların kredit siyasəti ciddi
narahatlıq doğurmamalıdır: “Elə təəssürat formalaşır ki, banklar rahatlıqla pul
paylayır. Reallıqda isə bu, belə deyil. “Azərbaycan Banklar Assosiyasiyası”
İctimai Birliyi ilə apardığımız müzakirələrdən də aydın olur ki, kreditləşmə
göründüyü qədər asan deyil. Vətəndaşlara sadəcə məlumat xarakterli SMS-lər
göndərilir, kredit üçün müraciət edəndə isə insanların borc qaytarma
qabiliyyəti qiymətləndirilir, buna əsasən qərarlar qəbul edilir”.

Onun sözlərinə görə, bankların əhaliyə aktiv şəkildə pul təklif etməsi onların
likvidliyinin kifayət qədər yüksək olmasıdır: “Banklar izafi likvidlikdən fayda
götürmək istəyir, amma əllərindəki vəsaitləri bazarda tam yerləşdirə bilmirlər.
Belə bir şəraitdə onlar müəyyən qədər yumşaq kredit siyasəti keçirməyə
meyllənir. Təbii ki, bunun hüquqi tərəfi də var. Kreditləşmə Azərbaycan Mərkəzi
Bankının (AMB) müəyyən etdiyi requlyativ normalarla tənzimlənir, bu istiqamətdə
nəzarət alətləri tətbiq olunur. Yəni, konkret müəyyən edilmiş normalar var. Bu
normalar hansısa formada kreditlə bağlı qərarların qəbul edilməsində mütləq
nəzərə alınır. Bəzi məqamlar var ki, bunlar tövsiyə xarakterli olduğuna görə,
banklar izafi likvidlik və yaxud bazar payını itirmək kimi rikslərlə üzləşdiyi
zaman bu tövsiyələrə çox da əməl etmirlər. Amma, bu bazar nəzarətsiz deyil.
Ciddi risk simptomları özünü göstərmir. Amma yumşalma ilə bağlı müəyyən
meyilliliyin olduğu həqiqətdir”.

Digər iqtisadçı-ekspert Xalid Kərimli də düşünür ki, bankların kredit siyasəti
nəzarətdən kənar deyil: “AMB xüsusilə 2022-ci ildə istehlak kreditlərinin
verilməsinə nəzarəti artırıb. Məsələn, aylıq gəliri 1 000 manat olan şəxsin
aylıq kredit ödənişi 700 manatdan artıq olmamalıdır. İstehlak kreditləşməsi
zamanı bu nisbətə ciddi nəzarət olunur. İpoteka kreditlərində isə vəziyyət bir
qədər fərqlidir. Bu kreditlərin verilməsində təkcə dövlət yox, özəl banklar da
aktiv iştirak edir. Özəl bankların müxtəlif MTK-larla əməkdaşlığı çərçivəsində
güzəştli şərtlərlə ipoteka kreditləri verməsinin şahidi oluruq. Bu zaman
tikilən və tikiləcək binadakı mənzillər girov kimi götürülür və burada MTK-ya
da əlavə məsuliyyət qoyulur. MTK-ların binanı tikib təhvil verməsi və alıcının
ödəmə çətinliyi olduğu zaman kredit ödənişini öz üzərinə götürməsi kimi
məsuliyyəti olur. Bu kimi hallarda MTK mənzilin kredit ödənişini tamamladıqdan
sonra onu satır. Belə müqavilələr sistemi ilə banklar öz riskini idarə edir”.

Onun sözlərinə görə, hazırda Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi
çəkisi kifayət qədər aşağıdır və risk yaratmır: “İndiki halda aqressiv
kreditləşmənin maliyyə sektoru üçün ciddi risk yaradacağını demək olmaz. Aktiv
pul təklifinin səbəbi sadəcə bankların əllərində olan vəsaiti bazarda tam
olaraq yerləşdirməkdə çətinlik çəkməsidir. Yəni, banklar pul satışı ilə məşğul
olan qurumlardır. Onlar bunu rahat və etibarlı şəkildə yerləşdirə bilmədikləri
üçün aqressiv marketinq və kreditləşmə siyasəti həyata keçirirlər”.

Azərbaycan bankların birinin kreditləşmə üzrə əməkdaşları isə deyir ki, 40-50
min manata qədər kredit təklifləri daha çox marketinq gedişidir: “Banklar
reklam mətnlərində qeyd etdikləri bu məbləğləri çox nadir hallarda müştərilərə
ayırırlar. Amma bu məbləğlər, onların yanında aşağı və cəlbedici faizlər
müştərini həmin banka müraciət etməyə həvəsləndirir. Bu zaman isə kreditləşmə
tələblərinə uyğun, vətəndaşın əməkhaqqı əsasında kredit ayrılır. Çünki,
məsuliyyətli kreditləşmə prinsipinə görə 40-50 min manat kredit ayrılacaq
müştərinin əməkhaqqı azı 8-10 min manat olmalıdır. Hazırda ölkədə həmin maaşı
alan çox az sayda vətəndaş var”.

Bundan başqa, kredit mütəxəssislərinin sözlərinə görə, əgər bankın verdiyi
borcdan sonra müştərinin ödəniş-gəlir nisbəti 45 %-i keçərsə, kreditin 25 %-i
qədər AMB-də ehtiyat formalaşdırılır: “Bu vəsait isə ölü kapital olduğundan,
kredit portfeli depozitlər hesabına formalaşan banklar vəsaitinin bir
hissəsinin ehtiyat kimi xərclənmədən saxlanılmasında maraqlı deyil. Bu addımı
ancaq dövlət qurumları ilə aktiv əməkdaşlığı olan, əmək haqqı, pensiya, təqaüd
və müavinətlərin həyata keçirilməsində vasitəçilik edən iri banklar ata
bilərlər. Bu zaman 20 min manatdan çox məbləğdə istehlak kreditləri əsasən
36-60 aya qədər müddətlərə ayılır. Amma belə yüksək məbləğdə kreditlər
dövriyyədə nağd pul kütləsini artırdığından inflyasiya riski yarada bilər.
Digər tərəfdən həmin kreditlər müştərinin ödəmə qabiliyyətini aşağı sala,
ödənişlərdə problem yarandığı halda isə problemli kreditləri artıra bilər”.

“Report” məsələ ilə bağlı AMB-nin də mövqeyini öyrənib. Qurumdan bildirilib
ki, bank sektorunun trendləri, o cümlədən kreditləşmə templəri davamlı diqqət
mərkəzində saxlanılır və zəruri hallarda makroprudensial tənzimləmə
çərçivəsində zəruri dəyişikliklər edilir: “AMB-nin 22 iyul 2022-ci il tarixli
“Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ
və tələblərə dair Qayda”sına edilmiş dəyişikliklərdən sonra qaydada nəzərdə
tutulmuş istisnalar nəzərə alınmaqla istehlak kreditləri borcun gəlirə (BGN)
nisbəti əmsalı 70 %-dən çox olmayan borcalanlara verilir. İstehlak
kreditlərinin artım tempinə gəldikdə bildiririk ki, qaydalarda edilmiş müvafiq
dəyişikliklərdən sonra istehlak kreditləşməsinin artım tempi səngiyib. Belə ki,
2022-ci ilin I rübündə orta aylıq artım tempi 2,3 % olduğu halda, 2023-cü ilin
I rübündə bu göstərici 1,1 % təşkil edib. Eyni zamanda, borc-gəlir nisbəti
əmsalı 45 – 70 % aralığında olan istehlak kreditləri üzrə banklara əlavə
ehtiyat və risk dərəcələri tələbləri müəyyən edilib”.

Source link