Azərbaycan BMT Komitəsinə üzv seçilib

Azərbaycan BMT Komitəsinə üzv seçilib

Baxış sayı: 2. 391 dəfə baxılıb.

İyunun 7-də Nyu-York şəhərində BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya tərəf dövlətlərin 20-ci iclası zamanı BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin (CEDAW) üzvlüyünə seçkilər keçirilib.

XİN-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin apardığı təbliğat-təşviqat fəaliyyəti nəticəsində Azərbaycanın namizədi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi 143 dövlətin səsini əldə edərək 2019-2022-ci illər üzrə Komitəyə üzv seçilib.

Komitədə mövcud olan 12 vakant yerə 16 dövlətin nümayəndəsinin namizədliyi irəli sürülmüşdü (Azərbaycan, Peru, Yaponiya, Səudiyyə Ərəbistanı Krallığı, Bəhreyn Krallığı, Əlcəzair, Monteneqro, Misir, Gürcüstan, Mavriki Respublikası, İspaniya Krallığı, Trinidad və Tobaqo, Bolqarıstan, Toqo, Əfqanıstan və Burkina Faso).

Quruma seçilmək üçün Konvensiyaya üzv dövlətlərin ən azı üçdə ikisinin, yəni 126 dövlətin səsi tələb olunduğu halda Azərbaycan Respublikasının namizədinə 143 dövlət səs verib. Komitənin üzvləri qadın hüquqları sahəsində ixtisaslaşan və Konvensiyanın tərəf dövlətləri tərəfindən gizli səsvermə yolu ilə 4 illik müddətə seçilən 23 müstəqil ekspertdən ibarətdir. 

“Azərbaycan Respublikasının namizədini dəstəkləyən bütün üzv dövlətlərə təşəkkürümüzü ifadə edirik. Azərbaycan Respublikasının namizədinin böyük səs çoxluğu ilə sözügedən komitəyə seçilməsi üzv dövlətlər tərəfindən ölkəmizə olan yüksək etimadın göstəricisidir. Komitəyə Azərbaycanla bərabər nümayəndələri seçilmiş Peru, Yaponiya, Səudiyyə Ərəbistanı Krallığı, Əlcəzair, Misir, Gürcüstan, Mavriki Respublikası, İspaniya Krallığı, Trinidad və Tobaqo, Bolqarıstan və Burkina Fasonu təbrik edirik”, – XİN və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə bəyanatda qeyd olunub.

Xatırladaq ki, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsi Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyanın yerinə yetirilməsi vəziyyətinin monitorinqini həyata keçirir.

www.ÇıxışYolu.Com