Azərbaycan boks millisinin məşqçisi: “İki bürünc medal bizim üçün uğur sayıla
bilməz”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İki bürünc medal bizim üçün uğurlu nəticə sayıla bilməz”.
Bunu “Report”a açıqlamasında kişi boksçulardan ibarət Azərbaycan millisinin
böyük məşqçisi Nəriman Abdullayev deyib.
Mütəxəssis milli komandanın Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa
çempionatında uğursuz çıxışının səbəblərindən danışıb: “Ümumilikdə 13
boksçumuzdan 7-si bizimlə Bolqarıstanda təlim-məşq toplanışında yer almışdı.
Digər 6 idmançımız zədə və digər səbəblərdən birbaşa Serbiyaya gəldi. Yarışın
bizim üçün uğurlu keçdiyini deyə bilməyəcəyəm. İnşallah, qarşıdakı turnirlərə
daha yaxşı hazırlaşacağıq”.
N.Abdullayev boksçularımızın rəqibləri ilə döyüşlərini şərh edib: “Həsən
Məlikov (48 kq), Məsud Yusifzadə (51 kq) və Amin Məmmədzadə (54 kq) pis çıxış
etmədilər. Amma müəyyən vaxtlarda hakim ədalətsizliyi idmançılarımızın
məğlubiyyətinə səbəb oldu. Şamil Əsgərovun (57 kq) döyüşündən razı qalmadım,
zəif çıxış etdi. Tayfur Əliyevə (60 kq) qarşı hakim haqsızlığının olduğunu
söyləyə bilərəm. Belə olmasaydı, davam edə bilərdi. Malik Həsənov (63,5 kq) isə
olduqca yaxşı mübarizə apardı. Yarımfinaldakı döyüşünü də qənaətbəxş saymaq
olardı. Lakin yenə hakimlərin qeyri-müəyyən qərarları idmançımızı finaldan etdi
və nəticədə Malik bürünc mükafatla kifayətləndi. Nəbi İsgəndərov (67 kq)
gürcüstanlı rəqibi ilə layiqli mübarizə apardı. Təəssüf ki, son nəticələri
uğursuz oldu. Sərxan Əliyev (71 kq) yüngül zədəsi səbəbindən lazımınca mübarizə
apara bilmədi. Həmçinin Kamran Şahsuvarlının (75 kq) çıxışından razı qalmadıq.
Murad Allahverdiyevdə (80 kq) yorğunluq hiss olunurdu. Eldar Quliyevin (86 kq)
çıxışı yaxşı alınmadı. Alfonso Dominqesin (92 kq) görüşünə gəlincə, əvvəlki
illərə nisbətən bir az zəif çıxış etdiyini deyə bilərəm. Lakin yarımfinalda
raundlarda rəqibindən üstün idi. Sadəcə, xəbərdarlıq aldığına görə qələbə
rəqibə verildi. Məhəmməd Abdullayev (+92 kq) barədə xoş sözlər demək istəyirəm.
Baxmayaraq ki, məğlub olub. Yaxşı döyüş nümayiş etdirməsinə baxmayaraq, qələbə
qazana bilmədi”.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycan boksçularından Malik Həsənov
(63,5 kq) və Alfonso Dominqes (92 kq) yarımfinalda uduzaraq bürünc medal
qazanıblar.