dbebe3a2-4c3d-4789-8993-3fd4d011854b..jpg

Azərbaycan boksçuları beynəlxalq turnirdə 18 medal qazanıblar – Yeddisi ən yüksək əyardadır

Baxış sayı: 983 dəfə baxılıb.

Azərbaycan boksçuları beynəlxalq turnirdə 18 medal qazanıblar – Yeddisi ən
yüksək əyardadır

Rumıniyanın Arad şəhərində gənc və yeniyetmə oğlan boksçular arasında
beynəlxalq turnirə yekun vurulub. 25 ölkədən 361 idmançının mübarizə apardığı
yarışda Azərbaycan millisi yeddi qızıl, üç gümüş və səkkiz bürünc medal qazanıb.

Azərbaycan Boks Federasiyasının yaydığı məlumata görə, bu medallardan 11-nə
yeniyetmə boksçularımız sahib olublar. Aradda həlledici görüşlərdə rinqə doqquz
təmsilçimiz çıxıb ki, onlardan da iki çəki dərəcəsində yığma üzvləri bir-birini
sınağa çəkiblər. Azərbaycan finalında Əli Baxışov Bilalhəbaşi Nəzərova (46 kq),
Tərlan Əhmədov Kənan Aslanlıya (63 kq) qalib gələrək fəxri kürsünün ən yüksək
pilləsinə qalxıblar.

Digər beş finalçımızın rəqibi isə rumıniyalılar olublar. Bu duellərdən
dördündə təmsilçilərimiz qələbə qazanıblar. Sübhan Babayev (48 kq) Stefan
Bankuni, Elbrus Kərimli (54 kq) Kladio Çeraliunu (Rumıniya), Orucəli Cavadzadə
(57 kq) Antonio İordanı (Rumıniya), Mirhəsən İbrahim (60 kq) Daniel Qriqorieni
(Rumıniya) məğlub edərək, qızıl medala yiyələniblər. İlkin Məmmədli (+80 kq) –
Aleksandru Butoi görüşündə isə rəqib qalib gəldiyindən həmyerlimiz ikinci yeri
tutub.

Komandanın bürünc medallarına Vaqif Hacıyev (57 kq) və Rüstəm Neymətov (66 kq)
sahib olublar.

Gənclərdən ibarət yığmanın heyətində isə Ömər Aslanlı (54 kq) bütün
rəqiblərinə qalib gələrək, Rumıniyada Azərbaycan Himnini səsləndirib. O,
finalda ukraynalı Rəsul Quliyevi məğlub edib.

Millinin aktivinə bürünc medalları Rauf Məmmədov, Ramal Yolçuyev (hər ikisi 48
kq), Məhəmmədəli Qasımzadə (57 kq), Aslan Quliyev (63,5 kq), İlfan Xəlilli (80
kq) və Səbuhi Əlizadə (92 kq) yazdırıblar.

Beləliklə, yeniyetmə boksçularımız altı qızıl, üç gümüş və iki bürünc medal
qazanıblar. Gənclərdən ibarət millinin üzvləri isə bir qızıl və altı bürünc
mükafata yiyələniblər.

Komanda martın 1-də Bakıya qayıdacaq.

Source link