8fad0d60-3805-4399-9745-92983373e50d..jpg

Azərbaycan boksçularının 2022-ci ildə qazandığı medalların sayı açıqlandı – FOTO

Baxış sayı: 867 dəfə baxılıb.

Azərbaycan boksçularının 2022-ci ildə qazandığı medalların sayı açıqlandı –
FOTO

Bu il Azərbaycan boksçuları müxtəlif yaş qruplarında 77 medal qazanıblar.

Federasiyadan Cixisyolu.com-a verilən məlumata görə, yığmalar bu mükafatları
qatıldıqları 15 beynəlxalq yarışda əldə ediblər.

Onlardan 30-u qızıl, 20-si gümüş və 27-si bürüncdür.

Avropa çempionatlarında 18 medal

Boksçularımız 77 medaldan 18-nə Avropa çempionatı və ya birinciliklərində
sahib olub. Milli komandalarımızın üzvləri iştirak etdiyi qitəsəviyyəli
yarışlarda qadınların Avropa çempionatı istisna olmaqla, hər birində qızıl
mükafat qazanıblar.

Yığmamızın heyətində U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (51 kq),
gənclərin qitə birinciliyində Kənan Babayev (48 kq), məktəblilərin Avropa
birinciliyində Sübhan Babayev (44 kq), yeniyetmələrin Avropa birinciliyində
Məhəmmədəli Qasımzadə (57 kq) və Emili Rzayeva (70 kq) bütün rəqiblərinə qalib
gələrək çempion tituluna yiyələnib.

Komandalarımız göstərdiyi nəticələrə əsasən 2 yarışda (U-22 və məktəblilərin
Avropa birinciliyi) qitənin 4-cüsü, birində 6-cısı (gənclərin Avropa
birinciliyi), digərində 7-ci (yeniyetmələrin Avropa birinciliyi) olub.

İdmançılarımız Avropa birinciliklərində 5 qızıl medalla yanaşı, 5 gümüş və 8
bürünc mükafat da əldə ediblər. Fəxri kürsüyə yüksələnlər arasında qız
boksçumuz da yer alıb. Banuçiçək Nəsirli (44 kq) Azərbaycan tarixində ilk dəfə
məktəblilər arasında keçirilən yarışda bürünc mükafata sahib olub. Həmçinin
Emili Rzayeva (70 kq) yeniyetmələr arasında qitə birinciliyində ilk dəfə
himnimizi səsləndirən azərbaycanlı boksçu adına yiyələnib. Qadın boksçularımız
isə 3 illik fasilədən sonra Avropa çempionatından ölkəmizə medallarla
qayıdıblar.

Olimpiya qızılına doğru

Ayrı-ayrı yığmalarımıza gəlincə, son 11 ayda kişi boksçulardan ibarət
komandamız daha çox medal qazanıb. Milli iştirak etdiyi 4 beynəlxalq turnirdə
13 qızıl, 4 gümüş və 12 bürünc mükafata yiyələnib. Federasiyanın “Olimpiya
qızılına doğru” başlatdığı devizi nəzərə alsaq, bu kifayət qədər uğurlu
nəticədir. 49 boksçu ilə təmsil olunduğumuz turnirlərdə 60,4 faizlik göstərici
qeydə alınıb. Deməli, çəki dərəcələrinin dəyişməsinə və azalmasına baxmayaraq,
Paris-2024 Yay Olimpiya Oyunlarına böyük ümidlə baxa bilərik.

U-22-lərin Avropa çempionatında yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal
əldə etməklə, Azərbaycan boks tarixinin rekordunu təkrarlayıb. Məhz bu
idmançılar da əsas komanda ilə birlikdə hazırlığını davam etdirirlər.

Qadın boksçularımız isə Avropa çempionatında 1 gümüş və 1 bürünc medala
yiyələniblər.

Gənc və yeniyetmələrdən ibarət komandalarımızdan uğurlu göstərici

Yeniyetmə idmançılarımızın hesabında 21 medal var. Azərbaycan boksunun sabahı
hesab olunan komandamız iştirak etdiyi 5 beynəlxalq turnirdən Vətənə uğurla
qayıdıb.
Onlardan 14-ü oğlanların, 7-si qızların hesabındadır. Avropa birinciliyinə
qatılan məktəbli boksçuları da buraya əlavə etsək, mükafat sayı 26-ya
bərabərdir. Medallardan 10-u qızıl, 10-u gümüş və 6-sı bürüncdür. Bu
mükafatlardan 5-i (1-1-3) məktəblilər arasında Avropa birinciliyində əldə
olunub.

Gənc oğlan boksçularımızın hesabında isə 16 medal var. Həmin mükafatlar 3
yarışda – Avropa birinciliyi və beynəlxalq turnirlərdə qazanılıb. Bu komanda
qitə çempionatında 2 (1-0-1), digər yarışda 14 (5-4-5) dəfə üçrəngli
bayrağımızın yüksəklərə qalxmasına nail olub.

Azərbaycan çempionatlarında yeni rekord

Müxtəlif yaş qrupları üzrə milli komandalarımız 15 yarışda 161 boksçu ilə
təmsil olunub. Boksçularımızdan 59-u Avropa çempionatlarında, 102-si beynəlxalq
turnirlərdə qüvvəsini sınayıb. Onlardan da təxminən 48 faizi yarışlarda
Azərbaycan bayrağını yüksəklərə qaldırıblar.

Son 11 ayda Azərbaycan çempionatlarına gəlincə, 6 belə yarış təşkil olunub.
Gənclər və yeniyetmələrin turniri 2 dəfə keçirilib. Gənclərdə ilin əvvəlindəki
yarışda 50 komandanın 176 boksçusu rinqə çıxmışdısa, dekabrda bu say kifayət
qədər artıb – 56 komanda, 216 idmançı. Yeniyetmələrin birinciliyində öncə 63
komandanın 327 boksçusu gücünü yoxladığı halda, noyabrda 66 komandadan 326
idmançı mübarizə aparıb.

Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan, məktəbli oğlan və
qızlar arasında keçirilmiş Azərbaycan birinciliyində isə rekord qeydə alınıb.
İlk dəfə qız boksçuların da qatıldığı yarışda 70 komandanın 369 idmançısı rinqə
çıxıb. Kişi boksçuların ölkə çempionatı da iştirakçı baxımından son illəri
geridə qoyub. Xarici hakimlərin də ədaləti qoruduğu yarışda 38 komandanın 146
boksçusu döyüşüb.

Bu il yeniyetmə və gənc qızlar, həmçinin qadın idmançılar da uzun fasilədən
sonra Azərbaycan çempionu titulu uğrunda yarışıblar. 50 boksçunun qatıldığı
mübarizədə ölkənin ən güclüləri bəlli olub.

Maddi-texniki baza gücləndirilir

Federasiya 11 ay ərzində da bir sıra yeniliklərə də imza atıb. Veteranlar və
Çempionlar, Məşqçilər və Hakimlər komitələri yaradılıb. Boks mütəxəssisləri
müxtəlif bölgələrə səfər edərək, orada boksçun daha da populyarlaşması və
kütləviləşməsi üçün lazımı tövsiyələrini veriblər. Həmçinin müxtəlif
regionlarda hakimlər və məşqçilər üçün seminarlar təşkil olunub.

Bunlarla yanaşı, maddi-texniki bazanın gücləndirilməsi də prioritet
məsələlərdəndir. Paytaxtda və bölgələrdəki zalların son vəziyyəti ilə tanış
olan qurum rəsmiləri orada təminatın gücləndirilməsi üçün xüsusi plan
hazırlayıb, mühüm addımlar atılması istiqamətində işlərə başlanılıb.

Sumqayıtda isə Boks Təlim Mərkəzi əsaslı təmir olunub, bu günlərdə
bokssevərlərin ixtiyarına veriləcək. Əsas hədəf ölkəmizi beynəlxalq arenalarda
uğurla təmsil etməklə yanaşı, boksun Azərbaycanda daha da kütləviləşməsi və
populyarlaşmasıdır.

Source link