2c16083e-3c7e-4ad9-94ce-a83d101ae541..jpg

Azərbaycan cəmiyyətində siyasi birlik mövcuddur – SORĞU + FOTO

Baxış sayı: 1. 044 dəfə baxılıb.

Azərbaycan cəmiyyətində siyasi birlik mövcuddur – SORĞU + FOTO

Respondentlərin 32,5%-i hesab edir ki, Azərbaycan cəmiyyətində siyasi birlik
mövcuddur.

Bu, Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusu nəticəsində
məlum olub.

Qeyd edilib ki, yaxın tarixi təcrübə, xüsusən pandemiyanın səngiməsi
mərhələsində baş verən hadisələr ictimai-siyasi birliyin məzmunu məsələsini
yenidən aktuallaşdırmaqla qloballaşma tendensiyasına qarşı milli dövlətlərin
əhəmiyyətini özünə qaytarıb. Bununla belə, sosial nəzəriyyələrdə rəqəmsallaşan,
liberallaşan, fərdiləşən Qərb cəmiyyətlərində ictimai sferanı fərqli
kimliklərin mübarizə məkanına çevirərək ortaq tarixi reallığı və ictimai-siyasi
bazisi sorğulayan, ideoloji, siyasi, iqtisadi və digər mənalarda
“təşkilatlanmış cəmiyyətlər”in çöküşünə aparan yeni transformasiyalar da
nəzərdən qaçırılmamalıdır.

Bildirilib ki, STM Azərbaycan cəmiyyətində birliyin, bütünlüyün məzmununa
ictimai münasibətin öyrənilməsi məqsədilə rəy sorğusu keçirib. Bu məqsədlə
respondentlərə “Azərbaycan cəmiyyətinin birliyini, bütünlüyünü necə
görürsünüz?” sualı ünvanlanıb.

Nəticələrə əsasən, respondentlərin əsas hissəsi, 32,5%-i Azərbaycan
cəmiyyətinin birliyini siyasi birlik kimi xarakterizə edib. Təhlillər yaşı
65-dən yuxarı olan respondentlərin (43,1%) 18-24 yaş qrupunu təmsil edənlərlə
(17,4%) müqayisədə bu mövqeyi daha çox bölüşdüklərini göstərir. Sorğuda iştirak
edən hər üç nəfərdən birinin siyasi birlik amilini qeyd etməsi milli-etnik və
dini müxtəlifliyə malik Azərbaycan cəmiyyətində vətəndaş kimliyinin bütün digər
xüsusiyyətlərdən daha yuxarıda dayandığını göstərir.

Sorğu iştirakçılarının 29,9%-i Azərbaycan cəmiyyətinin mövcud birliyini və
bütünlüyünü milli-tarixi birliyin formulu kimi dəyərləndirib. Başqa sözlə, bu
mövqedən çıxış edənlər cəmiyyətin formalaşmasını, hazırkı birliyini və
bütünlüyünü paylaşılan ortaq tarixi təcrübələr, milli birlik və bərabərlik ilə
əsaslandırıb. Yaş kateqoriyası üzrə nəticələrin təhlilinə əsasən, gənc
respondentlərin 52,2%-i, eləcə də yuxarı yaş qrupuna aid olanların 29,4%-i bu
mövqedən çıxış edib.

Sorğuda iştirak edənlərin 13,4%-i əxlaqi-mənəvi amilləri əsas götürərək,
cəmiyyətin bütünlüyünün bazisini dini-mənəvi əsaslarla əlaqələndirib. Həmçinin
sorğuda iştirak edənlərin 9%-i cəmiyyətin birliyini, bütünlüyünü ideoloji
amillərlə xarakterizə edib.

Respondentlərin 11,8%-i bu suala rəyini ifadə etməkdə çətinlik çəkib, 3,4%-i
digər cavab variantlarını qeyd edib.

Xatırladaq ki, sorğular 18 yaşından yuxarı 384 nəfər arasında telefonla
müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri
qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib.
Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.

Source link