8e5863a4-6db1-429f-bb4e-7c7467bd2cff..jpg

Azərbaycan çempionu: “Əsas hədəfim Dünya Kuboku ilə bağlıdır”

Baxış sayı: 1. 012 dəfə baxılıb.

Azərbaycan çempionu: “Əsas hədəfim Dünya Kuboku ilə bağlıdır”

“Planlarım tam dəqiqləşməyib, amma əsas hədəfim Dünya Kuboku ilə bağlı olacaq.
Bu yarış həmişə vacibdir”.

Cixisyolu.com xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionu Vasif Durarbəyli
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə müsahibəsində deyib.

Qrossmeyster bildirib ki, sözügedən yarışın Bakıda keçirilməsi isə turnirin
əhəmiyyətini daha artırır: “Dünya Kubokuna ciddi hazırlaşmağı düşünürəm”.

O, ölkə çempionatında qələbə qazanmasını belə şərh edib: “Ötən ilin sonunda
Bakıda iki turnirdə uğursuz çıxış etdim. Azərbaycan yığmasına seçmə turnirdə
yaxşı oynamadım, ardınca rapid və blits turniri mənim üçün uğurlu olmadı.
Uğursuz turnirlərdən sonra bir qədər əsəbiləşmişdim. Uğursuzluq varsa, deməli
dəyişiklik lazımdır. Bundan sonra iki aya yaxın qrossmeyster, dostum Burak
Fıratla hazırlıq keçdim. Nəticədən razıyam. Ölkə çempionatının seçmə
mərhələsində böyük fərqlə birinci oldum. Tay-brek qısa oyunlardı. Burada hər
şey ola bilər. Sevinirəm ki, yekunda Azərbaycan çempionatının qalibi oldum.

Şahmatçı finalda ilk partiyada Vüqar Əsədlinin qələbə qazanmasını və hansı
rəqibi ilə oyunun onun üçün daha çətin olması haqqında da danışıb: “İlk klassik
partiyada ardıcıl 3 səhv etdim. Az qalmışdı çempionatı ikinci yerdə başa vurum.
Amma geridönüş edə bildim. Oyunumdan razı qaldım. Vüqar Əsədlinin oyunlarını
yaxından izləyirəm. Məncə son turnirlərdə yüksək oyun göstərir. İrəliləyiş hiss
olunur. Son aylarda çox yaxşı oynayır. Klassik şahmatda mübarizəmiz gərgin
oldu. Hər iki partiyada yaxşı mübarizə nümayiş etdirdi. Amma rapid hissədə
məncə zəif oynadı. Həmkarlarıma qarşı hörmətsizlik olmasın, yeganə çətinlik
kimi Aydın Süleymanlı ilə partiyanı qeyd edə bilərəm. Üstünlük var idi, amma
təzyiq yaratmadı”.

Vasif Durarbəyli çempionatın formatı ilə bağlı fikirlərini də bölüşüb:
“Çempionatın bu formatı xoşuma gəlir. Uğurlu format hesab edirəm. Amma bir
çatışmazlıq olduğunu düşünürəm. İlk mərhələdə seçmədən sonra turnir cədvəlində
birinci olmaq şahmatçıya üstünlük vermir. Məşhur şahmatçımız Şəhriyar
Məmmədyarovla müzakirəmiz olub. Maraqlı təklif verdi. Məsələn turnir cədvəlində
xal fərqi ilə birinci yerə çıxan şahmatçı birbaşa finala vəsiqə qazansın.
İkinci-üçüncü yerin sahibi isə öz aralarında oynamaqla ikinci finalçını
müəyyənləşdirsin. Bu halda birinci yerin sahibi üstünlük qazanır”.

Təcrübəli idmançı gənc şahmatçıların çıxışından narazı olduğunu da əlavə edib:
“Gənc şahmatçılardan bir az narazıyam. İllərdi oynayırıq, artım sürətləri məni
qane etmir. Federasiya məşqçilər dəvət edib, dəstək olur. Son üç ildə ölkə
çempionatında oynayıram və fərqi hiss etmədim. Təvəzökarlıqdan uzaq olsa da,
məncə, bu il çox yüksək fərq nümayiş etdirdim. Bir qədər yaxın mübarizə aparan
Vüqar Əsədli idi, ona da finalda qalib gəldim”.

Source link