Azərbaycan çempionunun Gənclər Liqasındakı potensial rəqibləri bilindi

Baxış sayı: 8. 138 dəfə baxılıb.

Azərbaycan çempionunun Gənclər Liqasındakı potensial rəqibləri bilindi

Bu gün UEFA Gənclər Liqasının Çempionlar Yolunun ilk iki mərhələsinin püşkü atılacaq.

ÇıxışYolu.Com xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 16:00-da start götürəcək mərasimdə 19 yaşadək komandalar (U-19) arasında Azərbaycan çempionu “Qəbələ”nin də rəqibləri müəyyənləşəcək.

Artıq bu komandalar arasında bölgü aparılıb və “Qəbələ”nin yeddi potensial rəqibi bilinib. Bunlar “Herta” (Almaniya), “Siqma” (Çexiya), PAOK (Yunanıstan), “Lex” (Polşa), “AEL” (Kipr), “Maribor” (Sloveniya) və “Şerif” (Moldova) klublarıdır. 

I mərhələnin oyunları 3/24 oktyabrda, II raundun görüşləri isə 7/28 noyabrda keçiriləcək. İki mərhələnin yekununda yoluna davam edəcək səkkiz komanda 1/16 finalda Çempionlar Liqası Yolunun (UEFA Çempionlar Liqasın qrup mərhələsində iştirak edən klubların U-19 komandaları orada mübarizə aparır – S.M.) qruplarında II yeri tutan səkkiz kollektivlə üz-üzə gələcək.

Çempionlar Liqası Yolunda qrup qalibləri birbaşa 1/8 finala yüksələcəklər. Burada və 1/4 final raundunda qaliblər bir oyunla müəyyənləşəcək. Yarımfinal və final matçları 26-29 apreldə Nyonda “Kolovre” stadionunda keçiriləcək.

Qeyd edək ki, “Qəbələ” ikinci dəfə Gənclər Liqasında çıxış edəcək. 2016/2017 mövsümündə də yarışa Gənclər Liqasının qalibi kimi qatılan “qırmızı-qaralar” I mərhələdə Rusiyanın “Dinamo” (Moskva) komandasına uduzub – 0:2, 0:5.

Ötən mövsüm isə “Qarabağ” Çempionlar Liqasına vəsiqə qazandığı üçün bu klubun U-19 komandası UEFA Gənclər Liqasının qrupunda mübarizə aparıb. Komanda yer aldığı C qrupunda üç xal toplamış və sonuncu olmuşdu.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com